Vətən müharibəsinin başlanmasından iki il ötür

0
171

Bu gün Vətən müharibəsinin başlamasından iki il ötür.

İki il öncə Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verdi.

Beləliklə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qüdrətli ordumuz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladı. Rəşadətli Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizləyirdi.

Azərbaycan xalqı Prezident və orduya dəstək verirdi. Azərbaycan isə bir sıra xarici təzyiqlərlə üzləşirdi, lakin İlham Əliyevin qətiyyəti ilə ordumuzun uğurlu əməliyyatları davam edirdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı 44 gün davam etdi, noyabrın 9-dək beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edildi.

Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndləri, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun doqquz kəndi, Şuşa şəhəri, Laçın rayonunun üç kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha beş adsız yüksəklik azad olundu.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları hərbi-siyasi yolla Azərbaycana qaytarıldı.

Vətən müharibəsi ilə Ermənistan ordusu darmadağın oldu və ermənilərin özləri haqqında yaratdıqları mifik təsəvvürlər göyə sovruldu.

Qeyd edək ki, Azərbaycan Ordusu döyüş meydanını qoyub qaçan ermənilərdən xeyli hərbi qənimət ələ keçirdi.

Hazırda həmin hərbi qənimətlər Bakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Bildirək ki, Azərbaycan 44 günlük müharibədə 2908 şəhid verib, altı nəfər isə itkin düşüb.