“Azəriqaz”ın baş direktoru: “Xırdalanda partlayışın qaz sızmasından baş verməsi mümkündür”

0
208

“Xırdalanda yaşayış binasında partlayışın qaz sızmasından baş verməsi mümkündür”.

bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

“İlkin məlumata görə, Xırdalanda yaşayış binasında partlayış zamanı xəsarət alanlardan ikisi mənzildə təmir işləri aparan ustalar olub. Lakin bu ehtimaldır. Tam məlumat araşdırmalar başa çatdıqdan sonra olacaq. Buna görə də hələlik bizdə əsaslı məlumat yoxdur”, – R.Əliyev vurğulayıb.

O qeyd edib ki, binaya təbii qazın nəqli tam dayandırılıb: “Hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən birgə araşdırmalara başlanılacaq. “Azəriqaz” İstehsalat Birliyi də prosesə cəlb olunacaq. Bundan sonra ictimaiyyətə tam məlumat veriləcək”.

R.Əliyevin sözlərinə görə, hadisənin qaz sızmasından baş verməsi mümkündür: “Ola bilər hadisə qaz sızmasından baş versin. Çünki təmir işləri gedən zaman sakin özü mənzildə olmayıb. Evdə ustalar olub. Qonşuların və ustaların verdiyi məlumata əsasən bu ehtimal (qaz sızması-red) mümkündür. Mənzilin təmir edilməsi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə hər hansı məlumat verilməyib ki, qazın verilməsi dayandırılsın. Hər hansı müraciət daxil olmayıb”.

R.Əliyev qeyd edib ki, əlavə xəbər olsa, “Azəriqaz” İstehsalat Birliyi bu barədə ictimaiyyətə məlumat verəcək.