Rəsmi Bakıdan İrəvana SƏRHƏD XƏBƏRDARLIĞI

0
275

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, 3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun bölmələrinin mövqeləri intensiv atəşə tutulub, nəticədə hərbi qulluqçu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatın mətnində deyilir:

“Azərbaycan tərəfi dəfələrlə Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan edib. 3 avqust tarixində baş vermiş qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. Bu, həmçinin Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir.

Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti qonşu dövlətin torpaqlarından qanunsuz silahlı birləşmələrini hələ də çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərindədir.

Azərbaycan ərazilərinin təhlükəsizliyi, sərhədlərinin bütövlüyünün təmin edilməsi üçün tərəfimizdən bütün müvafiq tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.