Həndboldan qovulmuş idmançılar baş katibin cəzalandırılmasını istəyir

0
313

“Həndboldan qovulduğumuz artıq 3 aya yaxındır. Uşaqların maaşsız qalması indiki dövrdə çox çətindir. Məşqçilərimiz kömək məqsədi ilə bizə qarşı heç bir addım atmağa çalışmırlar. 3 aya yaxındır ki, maaşlarımızı ala bilmirik”.

Bunu həndbol üzrə millimizdən kənarlaşdırılmış Cavid İsmayılov deyib.

O, həndbolda problemlərin qaldığını, bu müddətdə heç nəyin dəyişmədiyini bildirib. C.İsmayılov problemlə əlaqədar tezliklə nazirlikdə olacaqlarını vurğulayıb: 

“Yaxınlarda gənclər və idman nazirinin müavini Mariana Vasilyeva ilə görüşdə olduq. Bizim problemlərimizi dinlədi və məsələnin tezliklə həlli üçün köməklik edəcəyini bildirdi. Yanvarın 31-də yenidən onun qəbulunda olacağıq. Düşünürük ki, problem həllini tapacaq”.

Onların əsas tələbi isə federasiyanın baş katibinin cəzalandırılması olacaq:

“Bu çətin vəziyyətdə Azərbaycan Həndbol Federasiyasının baş katibi Yusif Atakişiyev hələ də gənclərin taleyinə çox laqeyd yanaşaraq onlarla maraqlanmır. Azərbaycan gəncləri olaraq həndboldan anlayışı olmayan baş katib Yusif Atakişiyevin qanunsuz yerə 14 nəfər yığma komandanın oyunçusunu qovmağına görə cəzalandırılmasını istəyirik. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya da məktub ünvanlamışıq. Çox böyük səbirsizliklə problemin həllini tapacağına ümid edirik”.

Qeyd edək ki, noyabrın 13-də Həndbol Federasiyasında vitse-prezident Orxan Abbasovun rəhbərliyi ilə iclas keçirilərək 14 nəfər idmançının yığmadan kənarlaşdırılması barədə qərar çıxarılıb.

Xatırladaq ki, Həndbol Federasiyasının prezidenti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovdur.