Ali məktəblərə qəbul proqramlarındakı dəyişikliklər AÇIQLANDI

0
264

“Qəbul imtahanlarında müəyyən dəyişikliklər var, proqrama əvvəlki mövzular qaytarılıb”.

Bunu Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib.

Onun sözlərinə görə, Coğrafiya fənnində yeni iqtisadi zonalarla bağlı tapşırıqlar salınacaq:

“Bu, dərsliklərdə öz əksini hələ tapmayıb, çünki dərsliklər 4 ildən bir nəşr olunur. Ona görə bununla bağlı həm rus, həm də Azərbaycan dilində material hazırlayıb hər iki dildə DİM-in saytına yerləşdirmişik. Eyni zamanda, Zəfər tarixi ilə bağlı material da yenilənib. IX siniflər üçün bununla bağlı dərslik var, amma XI siniflər həmin fənni keçmədiyi üçün DİM-in hazırladığı material yenilənib və saytda yerləşdirilib. Ədəbiyyatla bağlı yeni dərsliklərdə bəzi əsərlər dəyişdirilib, amma indiki XI siniflər bunu keçiblər. Əsərlərdən bəzi hissələr saytda yerləşdirilib. Bunlar yeni materiallar deyil, müəyyən hissələri dərsliklərdə verilib, məktəbdaxili qiymətləndirilməsi aparılıb. Pandemiyanı nəzərə alaraq həmin hissələri sayta daxil etmişik”.

A. Batıyeva qeyd edib ki, eyni zamanda İnformatika fənni ilə bağlı da yeni tapşırıqlar sayta yerləşdirilib: “2023-cü ildə imtahan verəcək şagirdlər buna fikir versinlər. Əsas ədəbiyyat dərsliklərdir, bundan kənarda heç bir şey nəzərdə tutulmayıb, hazırda məktəbdə tədris olunan tapşırıqlar salınacaq. İnformatika fənni üzrə vəsait üzərində də iş gedir, bu da çap olunacaq. Respublikada bu sahədə təcrübəsi olan dərslik müəllifləri, Təhsil İnstitutunun əməkdaşları cəlb olun, İşçi Qrupu yaradılıb. İndi X sinifdə oxuyan şagirdlər buna diqqət yetirsinlər”.