“Ukrayna Krımda hərbi logistikanı hədəfə aldı, Rusiya isə “Banderol” raketləri ilə Odessa limanlarını vurur” – Ukrayna KİV-ləri

“Krımdakı dəmir yolu körpüləri və hərbi obyektlərə zərbələr endirilib, Odessa limanlarına hücumların əksəriyyəti isə yeni “Banderol” raketləri ilə həyata keçirilir…”

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, avqustun 1-nə keçən gecə Krım və cənub istiqamətində Rusiyanın bir sıra mühüm hərbi-logistika obyektlərinə zərbələr endirilib.

Bu barədə “glavred.info” nəşri məlumat yayıb.

Krımda hərbi obyektlər vuruldu

Məlumata görə, Çonqar yaxınlığındakı “Sivaş” dəmir yolu körpüsü, Vladislavovka rayonundakı daha bir dəmir yolu körpüsü, Çernomorskoye yaxınlığında dəniz pilotsuz aparatlarının saxlanıldığı anbar, Sevastopolda Rusiya Qara dəniz donanmasının radioelektron kəşfiyyat bölməsi, həmçinin texniki təminat və PUA anbarları hədəfə alınıb.

Baş Qərargahın vurğuladığına görə, bu körpülər Krım ilə Ukraynanın işğal altındakı cənub əraziləri arasında canlı qüvvə, silah, sursat və hərbi texnikanın daşınmasında mühüm rol oynayır.

“Banderol” raketləri limanlara təzyiqi artırır

Bu arada “Bloomberg” yazır ki, Rusiya son aylarda Odessa, Çernomorsk və Pivdennı limanlarına hücumlarda əsasən yeni “Banderol” raketlərindən istifadə edir. Ukrayna rəsmilərinin məlumatına görə, bu limanlara endirilən zərbələrin təxminən 80 faizi məhz həmin raketlərin payına düşür.

“Banderol” raketi 150 kiloqramlıq döyüş başlığına malikdir, “Şahed” dronlarından daha sürətlidir və nisbətən ucuz istehsal olunduğuna görə ona qarşı bahalı hava hücumundan müdafiə raketlərindən istifadə iqtisadi baxımdan sərfəli sayılmır. Raketlərin uçuş məsafəsi bir neçə yüz kilometrlə məhdud olduğundan onlar əsasən Krımdan Odessa istiqamətinə buraxılır.

Məqsəd limanların fəaliyyətini zəiflətməkdir

Ekspertlərin fikrincə, Rusiyanın əsas məqsədi Ukraynanın Qara dənizdəki ixrac imkanlarını zəiflətməkdir. Odessa liman sistemi ölkənin taxıl və yağlı bitkilər ixracının əsas qapısı hesab olunur.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndələri bildirirlər ki, hücumlar nəticəsində limanların fəaliyyəti xeyli ləngiyib və 20-dən çox mülki gəmi zədələnib. Buna baxmayaraq, Ukrayna tərəfi dəniz dəhlizinin tam dayanmadığını və fəaliyyətini davam etdirdiyini vurğulayır.