AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev Türkiyə Cümhuriyyəti Türk Dünyası Yörük Türkmən Birliyi tərəfindən təqdim olunan “Qiyasəddin Cəmşid əl-Kaşi Riyaziyyat Mükafatı”na layiq görülüb. Birlik tərəfindən Rafiq Əliyevə rəsmi bildiriş və dəvət məktubu göndərilib.
Məktubda bildirilib ki, Türkiyə Respublikasının 3335 saylı Qanunu çərçivəsində Nazirlər Kabinetinin icazəsi ilə beynəlxalq mədəni əməkdaşlıq qurumu kimi fəaliyyət göstərən Türk Dünyası Yörük Türkmən Birliyi bu il üçüncü dəfə Beynəlxalq Türk Dünyası Elm Mükafatlarını təqdim edəcək. Azərbaycanın görkəmli alimi Rafiq Əliyevə mükafat 8 oktyabr 2026-cı il tarixində Qazaxıstanın Almatı şəhərində təqdim olunacaq. 15 kateqoriya üzrə mükafatların təqdim ediləcəyi mərasim Türk Dövlətləri Təşkilatı, TİKA, YTB, TÜRKSOY və digər qurumların dəstəyi ilə baş tutacaq. Bu mükafat elmi araşdırmaları, innovativ ideyaları və beynəlxalq əməkdaşlığı təşviq edir. Mükafata müxtəlif elm sahələrində mühüm nəticələr əldə etmiş şəxslər namizəd göstərilir. Təltifetmə mərasimləri türk dünyasında elmi əməkdaşlığın inkişafına töhfə verən alimlərin tanıdılmasına xidmət edir. Mükafat türk dövlətləri arasında elm və təhsil sahəsində əlaqələrin gücləndirilməsinə dəstək verən təşəbbüslərdən biri hesab olunur.
Bu xoş hadisə ilə bağlı professor Rafiq Əliyevlə həmsöhbət olduq.
Müsahibəni təqdim edirik:
– Rafiq müəllim, çox nüfuzlu mükafata layiq görülmüsünüz. Təbrik edirik.
– Təşəkkür edirəm. Diqqətinizə görə minnətdaram.
– Düzdür, siz mükafatlardan ucada durursunuz, amma istənilən halda çox xoş xəbər oldu.
– Təşəkkür edirəm, əzizim. Çox minnətdaram.
– Mükafat xəbəri sürpriz oldu, yoxsa əvvəlcədən məlumatlı idiniz?
– Min tövbə, qəti xəbərim yox idi.
– Özü də Türk dünyasının mükafatı…
– Bəli. Qəti, xəbərim yox idi. Bir də gördüm məktub gəlib.
– Təşkilat Komitəsindən, eləmi?
– Bəli.
– İnşallah, təqdimat payızda olacaq, eləmi?
– Allah qoysa, oktyabrın 7-8-i, Qazaxıstanda olacaq.

– Türk dünyasının mükafatının da öz yeri var, yəqin razılaşarsınız…
– Düzünü deyim sizə… Pis çıxmasın, mənim SSRİ Dövlət Mükafatım var. Düzdür, Türk dünyası SSRİ-dən də böyükdür, söhbət onda deyil. Yaxud Amerikanın “Ömürlük uğur” mükafatı var. Belə fikir vermirdim. Kamal (Abdulla – red.) dedi ki, “sən nə danışırsan, 95 ölkədə bunun agentlikləri var”. Özü də bu qurum Türkiyədə bir neçə nazirliyin qurumudur. Müxtəlif ölkələri əhatə edir. Məktubda qısa yazılmışdı, araşdırıb gördüm 95 ölkədə bunların təmsilçilikləri var.
– Adına mükafat təsis olunan həkim, riyaziyyatçı və astronom Qiyasəddin Cəmşid ibn Məsud ibn Məhəmməd əl-Kəşinin 14-15-ci əsrlərdə cəmi 49 il yaşaması da diqqətimi çəkdi.
– Bəli. Mənim üçün maraqlı oldu ki, bunu necə seçirlər, haradan baxırlar? Ya adamdan bir material istəyərlər, ya bir şey… “Nobel”də də belədir. Mən o texnologiyanı bilirəm, rəhmətlik Zadə o vaxt təqdim edəndə mənə danışmışdı. Nobel Mükafatı veriləndə əvvəlcədən heç kim bilmir… Biri avtobusda eşidir, biri evdə eşidir. Heç kimin xəbəri olmur ki, bunu veriblər filan yerə, mən nə bilim, buna mükafat verəcəklər, bilinmir…

– Təqdimatlar, namizədlərin göstərilməsi də olmur?
– Yox, təqdimat olmur. Özləri seçirlər o namizədi, mən onu dəqiq bilirəm. Ya gərək Nobel mükafatçısı onu təqdim etsin və o da gizli saxlanılır. Ya da özləri axtarırlar, seçirlər.
– Rafiq müəllim, bəs “Nobel”in dəvət məktubu nə vaxt gələcək?
– (Gülür) O da bunun kimi, deyə bilmərəm, vallah. Allahın işidir, bəlkə qəfildən gəldi, deyə bilmirəm.

– Çox gecikir, xeyli çəkdi.
– Təşəkkür edirəm, əzizim, qardaşlıqdan əskik olmayın. Allah daim üstünüzdə olsun. Diqqətinizə görə min təşəkkür edirəm, çox sağ olun.
– Var olun, Allah Sizdən razı olsun. Bizim borcumuzdur. Hər zaman örnəksiniz, daim sizin kimi qiymətli alimimiz, aydınımızla fəxr edirik. Rafiq müəllim, danışmışkən Ağdamı da soruşum, gedib-gəlirsiniz?
– (Pauza edir) Bir dəfə getdim-gəldim…Bir dəfə. Təxminən bir il bundan qabaq. Bilirsiniz də, başda siz olmaqla, mətbuat mənə çox simsardır, dostlarım çoxdur. Ağdama gedib-gələndən sonra xahiş etdilər ki, təəssüratınız… Bir-iki kəlmə söz dedim. Dedim başlığa da bunu çıxarın: “Xatirələrim zədələndi”. Heç zad görmədim orada, heç bir şey…
– O vaxtkı Ağdamdan…
– Hə, o vaxtkı Ağdamdan… Bilirsiniz, vətən o doğulduğun komadan başlayır, mən öz komamızı tapa bilmədim.

– Mükafatdan başlayan söhbətimizin bu məqamı çox kədərli, ağrılı məqama yönəldi, təəssüf ki…Dünyanı barışa, təhsilə, elmə çağıran bir alimin yurdunu dağıdıb yurdu dağılmışlar!
– Yaxşı deyirsiniz: “yurdu dağılmışdır”.
– Amma əsas odur ki, torpaqlarımız azaddır, inşallah Ağdam və bütün yurd yerlərimiz yenidən tikiləcək, xalqımız öz yurdlarında əbədi yaşayacaqlar…
– Əlbəttə, ən böyük mükafat odur. Ən böyük mükafat torpaqlarımızın azadlığıdır.
– Bəli. Məncə, “Nobel”dən də böyük mükafatdır hər birimiz üçün.
– Düzdür, tamamilə doğrudur.
– Rafiq müəllim, təsadüfi deyil ki, Azərbaycan Prezidenti məhz torpaqlarımızı azad etdikdən, həm də Ermənistanla sülh şəraitində yaşamağın düsturunu təqdim etdikdən, beynəlxalq səviyyədə sülhün təşviqində aktiv iştirakını da bura əlavə etsək, Nobel Sülh Mükafatını almağa layiq namizəd olaraq göstərilir. Birləşmiş Ərəb Əmirliklərində “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də məhz Zəfərimizin məntiqi nəticəsi idi.

– Bəli. Tamamilə düzdür.
– Sizinlə hər görüş, hər söhbət çox xoşdur. Allah sizi var etsin. Söhbətimizin əvvəlində dediniz növbəti səfərə hazırlaşırsınız. Bilmək olarmı hansı ölkəyə?
– Hə, Tiflisdə konfransım var. Həmişəki konfranslardan 17-cisidir. Dünyanın bütün bilim adamları, tanınmış adamlar gəlirlər. Başım ona çox qarışıqdır, ona görə zənginizi görə bilməmişəm. Avqust ayının 25-də başlayır. 100-dən çox məqalədir, onları rəyə göndərmək, çap etmək, hazırlamaq… Bir az ağır məsələdir, amma şərəfli məsələdir, eybi yoxdur.
– Uğur olsun! Rafiq müəllim, Azərbaycan elmindən, təhsilindən narahatlığınız nə dərəcədədir? Hər şey yolunda gedirmi, yeni Rafiq Əliyevlər yetişirmi?
– (Bir az susandan sonra) Olarmı bu suala susmaqla cavab verim?
– Necə məsləhətdir, professor! Sükut özü də cavabdır, hansısa məqamda. Şair deyir, “Sükut məhəbbətin şah əsəridir”. Sizin bu suala sükutunuzu da şah cavab hesab edək…
– (Gülərək) Bəli. Susmağın özündə də ifadələr var…
– Amma duamız bu olsun: o gün olsun ki, bu mövzuda sükuta yer qalmasın.
– Amin! Gözəl sözdür: sükuta yer qalmasın!
Musavat.com




