İngiltərənin Çeşir qraflığında yerləşən Çester dünyanın ən gözəl şəhəri seçilib. Şəhər reytinqdə Venesiya, Roma və Barselona kimi məşhur turizm məkanlarını geridə qoyub.
Reytinq qızıl nisbət prinsipi əsasında hazırlanıb.
Qızıl nisbət əsrlər boyu rəssamlar və memarlar tərəfindən estetik baxımdan ideal proporsiyaların müəyyənləşdirilməsində istifadə olunub. Tədqiqatçılar da bu prinsipi binalara və şəhər mənzərələrinə tətbiq edərək onların vizual cəlbediciliyini qiymətləndiriblər.
Nəticədə Çester 83,7 faiz göstərici ilə birinci yeri tutub. Venesiya 83,3 faiz, London 83 faiz, Belfast 82,9 faiz, Roma 82 faiz, Barselona isə 81,9 faiz nəticə göstərib.
Çesterin tarixi eramızın təxminən 79-cu ilinə gedib çıxır. Şəhər həmin dövrdə Roma qalası kimi salınıb. Bu gün də burada Roma dövrünə aid amfiteatrın və qədim istehkamların qalıqlarını görmək mümkündür.
Şəhərin əsas görməli yerlərindən biri yaxşı qorunub saxlanılan tarixi divarlardır. Uzunluğu 3 kilometrdən çox olan piyada marşrutu turistlərə şəhərin bir sıra tarixi məkanlarını yaxından görmək imkanı verir.
Çesterin ən fərqli məkanlarından biri “The Rows” adlanan ikimərtəbəli qapalı piyada qalereyalarıdır. Burada mağazalar, kafelər və restoranlar yerləşir. Orta əsrlərə aid tikililər isə şəhərin mərkəzinə özünəməxsus ab-hava verir.
Çester Kafedralı və şəhərin simvollarından sayılan İstgeyt saatı da turistlərin ən çox ziyarət etdiyi məkanlar sırasındadır.
Şəhərin tarixi mərkəzi olduqca kompakt olduğundan Çesteri əsasən piyada gəzmək mümkündür. Qara-ağ fasadlı qədim evlər, kiçik kafelər, pablar və tarixi küçələr şəhərə nağılı xatırladan görünüş verir.
Çester həmçinin Şimali Uelsə səfər üçün əlverişli başlanğıc nöqtəsi sayılır. Buradan Liverpul və Mançesterə də asanlıqla getmək mümkündür.
Şəhəri ziyarət edən turistlər xüsusilə tarixi binaları, “The Rows” qalereyalarını və piyada gəzinti imkanlarını yüksək qiymətləndirirlər.



