Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrində tətbiq olunan yüksək vergi yükü də son qiymətə təsir göstərir. Xüsusilə Yaxın Şərqdə enerji təchizatı ilə bağlı risklərin artması Avropa bazarında qiymət dəyişkənliyini gücləndirir.
Bəs, Avropada yanacağın qiymətinin bahalaşmasına hazırda əsasən hansı amillər təsir edir, neftin dünya bazarındakı qiyməti, vergilər, logistika və emal xərcləri ilə yanaşı, geosiyasi proseslərin yanacağın son qiymətində rolu nə qədərdir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Avropada yanacağın bahalaşmasında əsas amillərdən biri neftin dünya bazarındakı qiymətidir, lakin qiymətin formalaşmasında təkcə neftin dəyəri rol oynamır.
“Xam neft bahalaşdıqda emal olunmuş yanacağın maya dəyəri artır və bu, müəyyən müddətdən sonra pərakəndə qiymətlərə də keçir. Avropa ölkələrində vergilər də çox ciddi paya malikdir. Benzin və dizel üzərinə aksiz və əlavə dəyər vergisi tətbiq olunur və bu vergilərin yüksək olması neftin qiyməti dəyişməsə belə, yanacağın son istehlakçı üçün baha olmasına səbəb olur. Ölkələr arasında qiymət fərqlərinin yaranmasında vergi siyasəti mühüm amildir. Logistika və emal xərcləri də son qiymətə təsir edir. Neftin daşınması, neft emalı zavodlarının xərcləri, yanacağın terminallarda saxlanılması və avtomobil yanacaqdoldurma məntəqələrinə çatdırılması kimi mərhələlərin hər birinin öz maya dəyəri var. Xüsusilə Avropanın enerji təchizatında marşrutların dəyişməsi logistika xərclərini və riskləri artıra bilər”.
Ekspert bildirib ki, hazırkı şəraitdə geosiyasi amil də xüsusi əhəmiyyət daşıyır:
“Yaxın Şərqdə münaqişələrin genişlənməsi, Hörmüz və Bab əl-Məndəb kimi strateji marşrutlarla bağlı risklərin artması neft və neft məhsullarının dünya bazarına çıxarılmasında fasilə ehtimalını yüksəldir. Bazar isə yalnız faktiki təchizat azalmasına deyil, belə risklərə dair gözləntilərə də reaksiya verir. Buna görə Avropada yanacağın qiymətini yalnız “neft bahalaşıb” ifadəsi ilə izah etmək düzgün deyil. Neftin dünya qiyməti əsas baza amilidir, amma onun üzərinə vergilər, emal və logistika xərcləri, valyuta məzənnələri, regional təchizat vəziyyəti və geosiyasi risklər əlavə olunur. Bu amillərin bir neçə istiqamətdə eyni vaxtda mənfi dəyişməsi yanacağın pərakəndə qiymətində daha kəskin artım yarada bilər”.



