Yerin maqnit qütbləri rekord sürətlə yerini dəyişə bilər

Yer kürəsinin maqnit şimal və cənub qütbləri geoloji tarix ərzində dəfələrlə bir-biri ilə yerini dəyişib. Yeni araşdırma göstərir ki, bəzi dövrlərdə bu proses əvvəlki ehtimallardan daha sürətlə baş verib və qütblərin dəyişmə tezliyi təxminən hər 90 min ildə bir dəfəyə çatıb.

Bu barədə “Indian Defence Review” nəşri məlumat yayıb.

Çin Elmlər Akademiyasının mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu planetin maqnit sahəsindəki dəyişiklikləri araşdırmaq üçün Çinin cənubunda, Lyuçjou şəhəri yaxınlığındakı əhəngdaşı süxurlarını tədqiq edib.

Araşdırma nəticəsində 3,75 milyon il ərzində maqnit qütblərinin istiqamətinin dəyişdiyi 29 dövr müəyyənləşdirilib.

Məlum olub ki, tədqiq edilən dövrün ilk 750 min ilində qütblərin yerdəyişməsi hər milyon ildə beş dəfədən az baş verib. Sonrakı mərhələdə isə bu göstərici kəskin artaraq milyon ildə təxminən 11 dəfəyə çatıb. Başqa sözlə, maqnit qütbləri orta hesabla hər 90 min ildən bir yerini dəyişib.

Alimlər maqnit sahəsindəki dəyişikliklərin sürətlənməsini qədim Pangeya superqitəsinin formalaşması ilə əlaqələndirirlər. Onların ehtimalına görə, okean qabığının soyuq hissələrinin Yer mantiyasının dərinliklərinə çökməsi planetin nüvəsindən istiliyin ötürülmə prosesinə təsir göstərib. Bu dəyişikliklər isə maqnit sahəsinin davranışını dəyişə bilərdi.

Bununla belə, tədqiqatçılar həmin fərziyyənin hələ tam təsdiqlənmədiyini vurğulayırlar.

Tədqiqat zamanı maqnit sahəsinin zəifləməsinin atmosferə mümkün təsirləri də nəzərdən keçirilib. Alimlər belə proseslərin ozon qatının zədələnməsinə və Yer səthinə çatan ultrabənövşəyi şüalanmanın artmasına şərait yarada biləcəyini istisna etmirlər.

Qeyd edək ki, maqnit qütblərinin dəyişməsi coğrafi qütblərin, yəni Yer oxunun yerləşdiyi şimal və cənub nöqtələrinin yerini dəyişməsi demək deyil. Bu, planetin maqnit sahəsinin istiqamətinin tərsinə çevrilməsidir. Hazırkı araşdırma isə belə dəyişikliklərin geoloji keçmişdə hansı sürətlə baş verə bildiyini üzə çıxarır.(Qaynarinfo)