Son 10 ildə 265 milyon insan yaşayış yerini tərk edib – Səbəb?

Son 10 ildə təbii fəlakətlər təxminən 265 milyon insanın yaşayış yerini tərk etməsinə səbəb olub. Alimlərin 2000-2019-cu illər üzrə 216 ölkə və ərazinin məlumatlarını təhlil etdiyi araşdırmaya görə, ekstremal iqlim hadisələrinin miqrasiyaya təsiri fəlakətin növündən, ərazinin gəlir səviyyəsindən və əvvəlki miqrasiya vəziyyətindən asılıdır.

Araşdırma “Nature Climate Change” jurnalında dərc olunub.

Ən uzunmüddətli təsir daşqınlarda müşahidə edilib. Daşqınlar yaşayış evlərini və infrastrukturu dağıtdığından həm əhalinin ərazidən getməsini artırır, həm də yeni sakinlərin axınını azaldır. Bu təsir, xüsusilə aşağıgəlirli ölkələrdə daha güclü olub və bəzi ərazilərdə bir neçə il davam edib.

Quraqlıqlar miqrasiyaya dərhal ciddi təsir göstərməsə də, təsir təxminən iki il sonra üzə çıxıb. Təkrarlanan quraqlıqlar, xüsusilə ardıcıl iki və daha çox quraq il, miqrasiya imkanlarını daha da azaldıb.

Tropik siklonların təsiri də əsasən aşağıgəlirli ölkələrdə güclü olub. Əhalinin köçünə səbəb olan siklonların təsiri bəzi hallarda beş ilədək davam edib.

Araşdırma müəllifləri nəticələrin iqlim fəlakətlərinin miqrasiya proseslərinə təsirinin vahid qanunauyğunluqla izah edilə bilməyəcəyini göstərdiyini bildirirlər.