“Şaxta baba”nın varlığına inanmaq uşaqların psixikasına zərər vermir, əksinə, azyaşlıların emosional və koqnitiv inkişafında mühüm rol oynayır.
Bu qənaətə Perm Politexnik Universitetinin mütəxəssisləri gəliblər.
Onların fikrincə, “Şaxta baba”ya inam uşaqlarda təxəyyülün inkişafına, emosional tənzimləməyə və özünəinam hissinin artmasına kömək edir. Bu, həmçinin yaxşılıq, ədalət və qayğıkeşlik haqqında təsəvvürləri də inkişaf etdirir.
Alimlərin nəzərincə, belə ənənə yalnız psixoloji deyil, həm də mədəni və sosial əhəmiyyətə malikdir. O nəsillər arasındakı əlaqəni gücləndirir və ailəni ortaq hisslər və dəyərlər vasitəsilə birləşdirir.
“Valideynlər üçün “Şaxta baba”ya inam, uşaqlarına qayğı göstərmək və onlarla xoş xatirələr yaratmaq üçün bir vasitə olur. Bu isə həm uşaqlar, həm də böyüklər üçün əhəmiyyətlidir”, – deyə Perm Milli Tədqiqat Politexnik Universitetinin Fəlsəfə və Hüquq kafedrasının əməkdaşı, klinik psixoloq Mixail Suxoquzov bildirib.
İnkişaf psixologiyası baxımından, möcüzəyə ehtiyac erkən uşaqlıq dövründə, təxminən 5 yaşa qədər normal hesab olunur. Bu dövrdə uşaq hələ reallıqla fantaziyanı aydın şəkildə ayırd edə bilmir.
Bununla belə, mütəxəssislər qeyd edirlər ki, “Şaxta baba” 3-4 yaşlı uşaqlarda tez-tez qorxu hissi yaradır. Məsələn, “Şaxta baba” libası geyinən şəxsin atası olduğunu bilməsi, uşağın narahatlıq hissini azalda bilər. Bəzən də, “Şaxta baba”ların əslində mövcud olmadığını bilmək, yəni bu sirrin açılması, uşaqda çaşqınlıq yarada və ya emosional reaksiyaya səbəb ola bilər.
Mütəxəssislər belə hesab edirlər ki, əgər uşaq bu barədə hələ sual verməyibsə, onunla “Şaxta baba” haqqında açıq söhbət aparmaq üçün ən uyğun dövr 9-10 yaşdır. Bu yaşda uşağa “Şaxta baba”nı bayram rəmzi, hədiyyə və digər “möcüzələrin” isə valideynlərin ona sevgisinin nəticəsi olduğunu izah etmək vacibdir.




