Qulaqlıqlar eşitmə qabiliyyətini yavaş-yavaş məhv edir

Qulaqlıqdan istifadə təkbaşına eşitmə qabiliyyətinə zərər vermir. Lakin səsin həddindən artıq yüksək olması və uzun müddət fasiləsiz musiqi dinləmək daxili qulaqda geri dönməz zədələnmələr yarada bilər.

Bəzi müasir qulaqlıqlar 105-110 desibel gücündə səs çıxara bilir. Halbuki 85 desibeldən yuxarı səsə uzun müddət məruz qalmaq belə eşitmə üçün təhlükə hesab olunur. Səs nə qədər yüksək olarsa, qulaqların zərər görmədən həmin səsə tab gətirə biləcəyi vaxt da bir o qədər qısa olur.

Əsas problem daxili qulaqda yerləşən və səs siqnallarını qəbul edən həssas tükcüklü hüceyrələrlə bağlıdır. Güclü səs bu hüceyrələri zədələyir və onlar məhv olduqdan sonra bərpa olunmur. Bu səbəbdən yüksək səsin yaratdığı eşitmə itkisi qalıcı ola bilər. Mütəxəssislər riski azaltmaq üçün səsi yaxşı izolyasiya edən və ya aktiv səsboğma funksiyasına malik tamölçülü qulaqlıqlardan istifadə etməyi tövsiyə edirlər.

Belə qulaqlıqlar ətrafdakı səs-küyü azaltdığı üçün istifadəçi, məsələn, ictimai nəqliyyatda və ya səs-küylü küçədə səsi artırmağa məcbur qalmır. Qulaq kanalının içinə yerləşdirilən qulaqlıqlar isə əlavə problemlərə də səbəb ola bilər. Onlar qulaq kirinin və nəmin toplanmasını sürətləndirə, uzunmüddətli istifadə zamanı isə qulaq kanalında dərinin qıcıqlanmasına gətirib çıxara bilər.

Mütəxəssislər qulaqlıqları mütəmadi təmizləməyi və onları başqa insanlarla paylaşmamağı məsləhət görürlər. Bundan əlavə, qulaqlara vaxtaşırı istirahət vermək vacibdir. Bunun üçün “60/60 qaydası” tövsiyə olunur: səs səviyyəsini maksimumun 60 faizindən yuxarı qaldırmamaq və təxminən 60 dəqiqə dinlədikdən sonra fasilə vermək. Qulaqlıqdan istifadə etdikdən sonra qulaqlarda cingilti və ya küy yaranması, tutulma hissi, qıcıqlanma, eləcə də əvvəlki səviyyədə eşitmək üçün səsi getdikcə daha çox artırmaq ehtiyacı eşitmə orqanının həddindən artıq yükləndiyini göstərə bilər.

Belə əlamətlər yarandıqda bir müddət yüksək səslə musiqi dinləməkdən imtina etmək tövsiyə olunur. Əgər şikayətlər davam edərsə və ya eşitmə qabiliyyətində nəzərəçarpacaq zəifləmə olarsa, mütləq həkimə müraciət etmək lazımdır.