Putinin filosofundan çağırış: Qərbin dediyinə məhəl qoymamalı, daha qəddar olmalıyıq

Ukrayna müharibəsində qələbə qazanmaq üçün Moskva Qərbin Rusiya haqqında dediklərinə məhəl qoymamalı və Kiyevi qəti məğlubiyyətə uğratmaq üçün əlindən gələni etməlidir. 

Bunu məşhur rus filosofu Aleksandr Duqin özünün “Russian Demiurge” kanalında deyib. O, Rusiya Silahlı Qüvvələrinin zərbələrini şərh edib. Onun sözlərinə görə, mərhəmət yalnız artıq məğlub olmuş düşmənə göstərilməlidir.

“Beləliklə, Qərb auditoriyasını qaranın qara, ağın isə ağ olduğuna inandırmağa çalışmağa davam etməliyikmi? Enerjimizi, natiqliyimizi boşa sərf etməyə və qərəzli Avropa mediasının yalanlarından qəzəblənməyə dəyərmi? Axı həqiqəti orta statistik qərbliyə çatdırmaq üçün etdiyimiz bütün cəhdlər heç bir müsbət nəticə vermir.

Nəticə belədir: biz sadəcə, kin və qəzəb olmadan mübarizə aparmalıyıq”, – deyə Duqin müharibənin ssenarisində dəyişiklik təklif edir.

“Qələbə üçün hələ çox şeyin öhdəsindən gəlməli olacağıq. Bəlkə indi, gözləmədən, hər şeyi birdən-birə aradan qaldırmalı, bununla da vaxt qazanıb hamısına birdən son qoymalıyıq? Və Qələbə olacaq. Və sonra hamısını mühakimə edəcəyik. Ədalətli şəkildə. Mərhəmət yalnız məğlub olanlara, ayaqlarımızdakılara göstərilməlidir. Düşmən təslim olmadığı müddətcə, biz onu məhv edəcəyik. Bütün qəzəb və qətiyyətlə”, – Duqin bildirib.