Putin və Zelenski ancaq bu halda görüşə bilər – Peskov şərtləri açıqladı

Rusiya prezidenti Vladimir Putin Vladimir Zelenski ilə görüşü istisna etmir, lakin buna ekspertlər səviyyəsində diqqətlə hazırlanmalıdır.

Bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Belə görüş üçün bütün hazırlıq işləri hələ görülməyib. Xatırlatmaq istərdim ki, ekspertlər səviyyəsində bütün lazımi işlər görüldükdən sonra prezidentin özü belə bir görüşün keçirilməsini istisna etmir”, – Peskov bildirib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Putinlə Zelenskinin görüşünün mümkünlüyündən danışıb. Trampın sözlərinə görə, bu, bir neçə aydan sonra və onun iştirakı ilə baş verə bilər.

Kreml də öz növbəsində amerikalı siyasətçinin açıqlamalarını dəyərləndirib. Peskov bildirib ki, yayın sonuna qədər belə bir görüşün keçirilməsi ehtimalı azdır, çünki mürəkkəb ilkin işlər görmək lazımdır və bu prosesi 30 günə başa çatdırmaq çətindir.