İranın Ali Rəhbəri Müctəba Xameneinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması ölkədə hakimiyyətin fəaliyyəti ilə bağlı suallar yaradıb.
İsrailin “Maariv” nəşri İran rəhbərliyindəki vəziyyətlə bağlı yeni detallar yayıb.
Məlumata görə, Müctəba Xamenei vəzifəyə gəldikdən sonra ictimaiyyət qarşısında görünməyib. O, atası Əli Xameneinin və həyat yoldaşının dəfn mərasimləri də daxil olmaqla, mühüm tədbirlərdə iştirak etməyib.
Onun harada olduğu ilə bağlı müxtəlif versiyalar səslənir. Rəsmi mənbələr təhlükəsizlik tədbirlərini əsas gətirsələr də, onun ciddi xəsarət aldığı və hətta amputasiya edildiyi barədə təsdiqlənməmiş iddialar da yayılıb.
İdarəetmə yazılı göstərişlərlə həyata keçirilir
“Maariv”in yazdığına görə, Ali Rəhbərin ictimaiyyət qarşısında görünməməsi qərarların onun yazılı göstərişləri əsasında həyata keçirilməsinə səbəb olub.
Müctəba Xameneinin ABŞ-la bağlı danışıqlara “prinsipcə” icazə verməsi də İran hakimiyyətində fikir ayrılığı yaradıb. SEPAH rəhbərliyi və rejimə yaxın şəxslər bu ifadəni fərqli şəkildə şərh ediblər.
Nəşr hesab edir ki, bu vəziyyət İranın hərbi və təhlükəsizlik strukturlarının hakimiyyətdə təsirini artırır.
Hazırda Tehranda real qərarların kim tərəfindən qəbul edildiyi qeyri-müəyyən olaraq qalır. Müctəba Xameneinin uzun müddət görünməməsi isə ölkədə “kölgə hökuməti”nin formalaşması ilə bağlı iddiaları gücləndirir.




