Mütəxəssislər dünyada təsirini göstərən isti hava dalğalarının insan orqanizminə təsirini araşdırıblar. Araşdırmanın nəticələrinə görə, həddindən artıq istilər bioloji qocalma prosesini sürətləndirir.
Çində 2 min 300-dən çox yetkin insanın iştirakı ilə aparılan yeni tədqiqat göstərib ki, uzunmüddətli və güclü isti hava dalğaları bioloji yaşa mənfi təsir edir. Məlum olub ki, bu təsir nəticəsində bioloji yaş təxminən yarım il – yəni 6 ay irəli gedə bilər.
Tədqiqatçılar iştirakçıların bioloji yaşını müəyyənləşdirərək, onların son bir il ərzində məruz qaldıqları isti hava dalğalarını təhlil ediblər. Nəticələr göstərib ki, hər əlavə isti hava dalğası bioloji yaşın orta hesabla 0,53 il artması ilə əlaqəlidir. Bu təsir xüsusilə yaşlı insanlarda, bədən kütlə indeksi yüksək olanlarda və şəhərdə yaşayanlarda daha qabarıq müşahidə olunub.
Hüceyrələrdə stress yaradır
Mütəxəssislərin sözlərinə görə, söhbət müəyyən bir bölgənin adət olunmuş temperaturundan xeyli yüksək olan və orqanizmin uyğunlaşa bilmədiyi isti hava dalğalarından gedir. İsti hava dalğası bir bölgədə normal temperatur göstəricilərini aşan və ən azı dörd gün davam edən qeyri-adi istilər kimi xarakterizə olunur.
Araşdırma müəllifləri bildirirlər ki, həddindən artıq isti hava orqanizmi daxili tarazlığını qorumaq üçün daha çox işləməyə məcbur edir. Bu isə hüceyrələrdə stress yaradır, enerji istehsalını, həmçinin yağ və şəkər mübadiləsini mənfi təsirləndirir.
Bundan əlavə, tez-tez isti hava dalğalarına məruz qalan insanlarda xolesterin səviyyəsinin və uzunmüddətli qan şəkərini göstərən HbA1c göstəricisinin də yüksəldiyi müəyyən edilib.




