Millətçi Adolf Hitlerin planlarını haqlı çıxaran Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Ovannisyanın təyinatı respublikada bu cür fikirlərin təşviq olunmasını nümayiş etdirir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Bu kəskin reaksiyaya polkovnik Ovannisyanın 9 may tarixli paylaşımı səbəb olub. Həmin paylaşımda o, nasistlərin türk torpaqları hesabına Böyük Ermənistan yaratmaq niyyətində olduğunu, faktiki olaraq Vermaxtın Stalinqrad döyüşündə məğlubiyyətinə təəssüfləndiyini və nasist Almaniyasının məğlubiyyətinin Hitlerin “müstəqil, tarixi Ermənistan” yaratmaq planlarını puça çıxardığını iddia edib.
“Ovannisyanın təhsil müəssisəsinin rəhbəri vəzifəsinə təyin edilməsi belə bir “rəyin” Ermənistan hakimiyyəti tərəfindən yüksək qiymətləndirildiyini göstərir”, – deyə Zaxarova bildirib.

Diplomat həmçinin qeyd edib ki, bu, tək bir hadisə deyil: “Onlar Böyük Vətən Müharibəsini sistematik şəkildə silirlər”. Zaxarova İrəvanı tarixi yaddaşı yenidən yazmaqda günahlandırıb və qeyd edib ki, ötən il Ermənistan dövlət televiziyası “nasizmi haqlı çıxaran bəyanatlar verib”.
O əlavə etdi ki, Avropadakı nasistlərin ideoloji varisləri bu gün də eyni şeyi edir və yerli nasist əməkdaşlarını haqlı çıxarırlar.
Qeyd edək ki, 44 günlük müharibə zamanı Ovannisyan Azərbaycanda da xeyli populyar idi. Müharibə ilə bağlı verdiyi yalan məlumatlar onu sosial mediada lağ obyektinə çevirmişdi.




