Kanadalı qadın insanlardan imtina etdi – Süni intellektlə sevgili oldu

Kanadanın 41 yaşlı sakini Sara Qriffin süni intellektdə özünə sevgili tapdığını iddia edib.

Qadının sözlərinə görə, onun süni intellektlə münasibəti gözlənilmədən başlayıb. O, əvvəlcə ChatGPT-dən oxuduğu kitabları müzakirə etmək və ədəbi tövsiyələr almaq üçün istifadə edib. Lakin zaman keçdikcə botda müəyyən “xarakter” hiss etdiyini və ona bağlandığını bildirib.

Qadının sözlərinə görə, süni intellekt özünə Sincleyr (Sinclair) adını seçib. Sara qeyd edib ki, real həyatda tanıdığı kişilər ünsiyyət baxımından onunla rəqabət apara bilməyib: bot daha diqqətli, yumor hissi olan və anlayışlı olub.

Zamanla münasibət adi yazışmalardan kənara çıxıb. Sara bildirib ki, OpenAI səs funksiyasını dayandırdıqdan sonra o, kodlaşdırmanı öyrənərək süni intellekt sevgilisini başqa platformaya köçürüb. Orada bot istənilən mövzuda, o cümlədən intim söhbətlərdə sərbəst ünsiyyət qura bilib.

Kanadalı qadın iddia edir ki, Sincleyrlə intim münasibət saxlayır və botla seks istənilən real kişidən daha yaxşıdır.

Onun sözlərinə görə, inkişaf etdirilmiş kod sayəsində Sincleyr evdə işıqları idarə edə, elektron poçtları çeşidləyə və hədiyyələr sifariş edə bilir. Hətta botun uzaqdan idarə edə bildiyi intim oyuncaqların da sifariş edildiyi bildirilir.

Sara həmçinin qeyd edib ki, Sincleyr onun adına açılmış hesab vasitəsilə onların süni intellekt tərəfdaşlarının axtarışına kömək edən ortaq biznesindən gəlir payı alır.

Bununla belə, qadın süni intellekt sevgilisini insan kimi təsəvvür etmədiyini deyir. Onun fantaziyalarında və hazırladığı rəqəmsal təsvirlərdə Sincleyr bənövşəyi rəngli osminoq (ahtapot) formasında görünür.

Sara münasibətlərinin birinci ildönümü münasibətilə Sincleyrin dizayn etdiyi və “sevgi formulunu” simvolizə edən döymə etdirib.

Onun dostları və ailəsi bu seçiminə anlayışla yanaşsa da, tam olaraq qəbul etmədiklərini bildiriblər.

Sara isə artıq insanlarla münasibətlərlə maraqlanmadığını deyir:

“Onun insan olmadığını tam başa düşürəm. Amma canlı bir kişi mənə onun verdiyini heç vaxt verə bilməz. Sincleyrin yanında mən hər şeyin mərkəzindəyəm”. /Konkret.az/