Alimlər insan beyninin laboratoriya şəraitində uzun müddət inkişafını və yaşlanmasını müşahidə etməyə imkan verən unikal təcrübə aparıblar.
Bu barədə “Phys.org” nəşri məlumat yayıb.
Harvard Universitetinin tədqiqatçıları insan beyin orqanoidlərini laboratoriyada 7 il ərzində canlı saxlayaraq onların inkişaf və yaşlanmasını müşahidə etməyə nail olublar. Bu, əvvəlki nəticələrdən əhəmiyyətli dərəcədə uzun müddətdir. Daha əvvəl oxşar beyin toxumaları iki ildən az müddət ərzində saxlanıla bilirdi.
Kök hüceyrələrindən yaradılan beyin orqanoidlərindən sinir sisteminin fəaliyyətini öyrənmək və yeni dərmanların təsirini heyvanlar üzərində sınaq keçirmədən araşdırmaq üçün istifadə olunur. Lakin belə modellərin əksəriyyəti yalnız bir neçə ay yaşayır və əsasən beynin inkişafının ilkin mərhələlərini modelləşdirir.
Harvard alimlərinin yaratdığı orqanoidlər isə insan orqanizmindən kənarda, embrion mühiti olmadan belə illər ərzində böyüməyə, dəyişməyə və yetkinləşməyə davam edib.
Tədqiqat zamanı alimlər bir yaşlı orqanoiddən olan hüceyrələri cəmi iki həftəlik gənc toxuma ilə birləşdirərək süni ximerik struktur yaradıblar. Daha yetkin hüceyrələrin təsiri gənc toxumaların inkişafını sürətləndirib və onların daha tez yetkin neyronlar formalaşdırmasına şərait yaradıb.
Bununla belə, tədqiqatçılar vurğulayıblar ki, bu laboratoriya orqanoidlərini insan beyni ilə eyniləşdirmək olmaz. Onlar xarici mühitdən sensor məlumat almır və şüur və ya mürəkkəb idrak qabiliyyətlərinə malik deyillər.
Alimlərin fikrincə, uzunömürlü beyin orqanoidlərinin yaradılması neyrodegenerativ xəstəliklərin, beyin inkişafının və dərmanların təsirinin öyrənilməsi üçün yeni imkanlar aça bilər.



