Hörmüz bağlandı, raketlər havaya qalxdı: ABŞ-İran qarşıdurması böyüyür?

Yaxın Şərqdə ABŞ-İran qarşıdurması yenidən ən təhlükəli mərhələlərdən birinə daxil olub. İranın ABŞ hədəflərinə cavab raket zərbələri endirməsi, Hörmüz boğazının gəmiçilik üçün bağlanması və ölkənin hava məkanında uçuşların dayandırılması regionda hərbi eskalasiyanın miqyasını daha da artırıb. Paralel olaraq ABŞ qüvvələrinin döyüş hazırlığı vəziyyətinə gətirilməsi və bölgədə hərbi aviasiyanın fəallaşması qarşıdurmanın genişlənməsi ilə bağlı narahatlıqları gücləndirib.

Bəs mövcud vəziyyət genişmiqyaslı müharibəyə çevrilə bilərmi? Yaranmış vəziyyət region ölkələri, o cümlədən Azərbaycan üçün hansı nəticələr doğura bilər?

Mövzu ilə bağlı politoloq Natiq Miri Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirib.

Politoloq qeyd edib ki, genişmiqyaslı müharibə riski potensial olaraq hər zaman, yəni nəzəri baxımdan mümkündür. Ancaq mövcud reallıqları nəzərə alsaq, indiki vəziyyətdə daha böyükmiqyaslı və davamlı müharibənin aparılması nə ABŞ-ın, nə də İranın maraqları çərçivəsindədir:

“Çünki ABŞ Konqresi aralıq seçkilər ərəfəsindədir. İran isə iqtisadi çətinliklər içində boğulmaqda davam edir. Nəzərə alsaq ki, ABŞ-ın sanksiyaları getdikcə daha da güclənərək iqtisadi və maliyyə baxımından İranın nəfəsini kəsəcək, o baxımdan böyük və davamlı müharibənin İranın da maraqlarına uyğun olmadığını demək olar.

Bundan başqa, İranın müharibənin genişlənməsini istəməsi tərəflər arasında qarşılıqlı məcburiyyət yaradacaq. Çünki nəticə etibarilə İran ABŞ-ın Körfəz ölkələrindəki hərbi bazalarına ciddi zərər vura və yaxud ABŞ bazalarının yerləşdiyi ölkələrə zərər yetirə bilər. Ancaq bunun qarşılığında İran özü də dağıla bilər.

Məsələ burasındadır ki, hələ də İranın fəaliyyət göstərə və ayaqda qala bilməsi üçün bir çox enerji və digər vacib nəqliyyat kommunikasiyaları mövcuddur. Müharibə nəticəsində bunlar tamamilə məhv edilə bilər və bu da İranı onilliklərlə qaranlığa qərq edə bilər. Yəni həyat dayanacaq.

Bu, İran üçün çox ciddi potensial risklər daşıyır. Çünki bir tərəfdə iqtisadi çöküş, insanların əmək haqlarının verilməsində yaranan problemlər, digər tərəfdə isə həyatın tamamilə dayanması var. Bilirsiniz ki, bu gün İranda heç vaxt olmadığı qədər yanacaq məntəqələrində və satış məntəqələrində böyük növbələr mövcuddur.

 Bu da onunla əlaqəlidir ki, ABŞ-İsrail-İran müharibəsi nəticəsində bir çox enerji infrastrukturları, neft emalı zavodları vurulub və məhv edilib. Onların bərpası isə maliyyə və zaman tələb edir. Enerjinin olmaması həyatın tamamilə dayanması deməkdir. Bir də elektrik enerjisi verən mərkəzlərin tamamilə dağıdılmasını düşünsəniz, belə bir müharibənin İranın maraqları çərçivəsində olmadığını demək olar.

Ola bilsin ki, rejim daxilində müəyyən şəbəkələr, xüsusilə hərbi diktatura və onu dəstəkləyən qüvvələr bundan maraqlı ola bilər. Ancaq dövlətin iqtisadiyyatını, bütün istehsal müəssisələrini, kənd təsərrüfatını və cəmiyyəti idarə edən hərbi diktaturanın yerin altındakı zirzəmilərdəki raketləri deyil, hökumətdir.
Hökumət də insanlara əmək haqqı, çörək və rifah təmin etməlidir.

Bunun üçün onlar mövcuddur. O baxımdan belə bir riskin qısa müddətdə reallaşacağını, yəni daha həcmli və miqyaslı bir müharibəyə, regional müharibəyə çevriləcəyini demək mümkün deyil. İndiki vəziyyətdə ABŞ-ın əsas taktiki siyasəti İranı iqtisadi cəhətdən boğmaqla təslim etməyə məcbur etməkdən ibarətdir. Bu, zaman tələb edən və davamlı bir prosesdir. Hər həftə yeni sanksiyaların tətbiq olunacağı bildirilir. Ən azı, vəd olunan budur”.

Natiq Miri vurğulayıb ki, çünki İran maliyyə imkanlarını yalnız rəsmi qaydada təmin etmir. Uzun müddətdir iqtisadi sanksiyalar fonunda SEPAH müxtəlif qeyri-qanuni, qaçaqmalçı yollarla, eyni zamanda rəqəmsal aktivlər və kriptovalyuta kimi vasitələrdən istifadə etməklə müxtəlif maliyyə imkanları əldə edir. Bunları zaman-zaman aşkar edib tamamilə bloklamaq üçün, əlbəttə, zamana ehtiyac var.

“Digər tərəfdən, ABŞ İranla iqtisadi əməkdaşlıq edən bütün banklara və ölkələrə də sanksiyalar tətbiq etməyi vəd edir. Hələlik buna tələsmir, ancaq perspektivdə düşünürəm ki, bunlar olacaq.

Eyni zamanda, söhbət yalnız dəniz yollarından getmir. Quru yollarının da tamamilə nəzarətə götürülməsi və həmin ölkələrə, yəni İranla həmsərhəd ölkələrə sanksiyaların tətbiqi məsələsi ciddi şəkildə gündəmə gələ bilər.

Düşünürəm ki, hələlik Konqresin aralıq seçkilərinə qədər əsasən iqtisadi boğma və sanksiyalar siyasətinə üstünlük veriləcək. ABŞ hesab edir ki, bunun İran üzərində çox ciddi təsiri olacaq. Müharibənin miqyasının genişlənərək regional müharibədən hətta qlobal müharibəyə çevrilməsi üçün nəzəri olaraq potensial mövcud olsa da, söylədiyim reallıqlar fonunda hələlik bu, o qədər də real görünmür.

Ancaq iqtisadi baxımdan regional ölkələr, o cümlədən Azərbaycan üçün müəyyən problemlər yarana bilər. Doğrudur, hələlik ABŞ ikinci dərəcəli sanksiyalar siyasətinə keçməyib. Yəni İranla iqtisadi, ticari və maliyyə əməkdaşlığı həyata keçirən ölkələrə birbaşa sanksiyaların tətbiqi siyasətinə hələlik başlanılmayıb.

Bu siyasətə keçildiyi təqdirdə isə həmin siyahıya hansı ölkələrin düşəcəyi də hələlik bəlli deyil. Çünki Azərbaycanla İran arasındakı ticarət dövriyyəsi digər dövlətlərlə olan çoxmilyardlı dövriyyələrdən çox-çox geri qalır. O baxımdan Azərbaycanla ticarət əlaqələri gözardı edilə bilər. Ancaq bu, sadəcə bir fikirdir.

Əgər ABŞ həqiqətən də bütün ticarət əməkdaşlığına qadağa qoyacaqsa və bununla bağlı birbaşa təzyiq vasitəsi kimi sanksiyalardan istifadə edəcəksə, əlbəttə, hər bir ölkə özünün iqtisadi maraqlarını qorumağa çalışacaq. Bu isə İrana çox ciddi iqtisadi və maliyyə zərbələri vəd edir. Onu da nəzərə alın ki, qarşılıqlı zərbələr lokal xarakter daşıyır. Zaman-zaman İran Hörmüz boğazına nəzarətini göstərmək üçün Oman suları istiqamətində keçən, icazə almayan və rüsum ödəməyən gəmilərə zərbələr vurur.

Buna qarşılıq olaraq, əlbəttə ki, ABŞ ən azından öz hərbi mövcudluğunu göstərmək üçün bu cür zərbələrə, xüsusilə də Hörmüz boğazı ətrafındakı adalarda yerləşən hərbi infrastrukturlara zərbələr endirir. Bunlar zaman-zaman yaşanacaq. Ancaq indiki vəziyyətdə bunun böyükhəcmli hərbi əməliyyatlara keçəcəyini düşünmürəm.
Çünki ABŞ-ın müəyyən silah və sursatlara, xüsusilə də hava hücumundan müdafiə üçün raketlərə ehtiyacı var. Bu gün ABŞ-ın hərbi-sənaye kompleksi daha çox bu məsələlərlə məşğul olur.

Yəni iqtisadi sanksiyalara keçilməsinin əsas səbəblərindən biri həm də zaman qazanmaq, özünü bərpa etmək və seçki prosesində hərbi aktiv fazanın dayandırılmasına hesablanıb. Ona görə də, açığı, mən bununla bağlı ciddi hərbi və təhlükəsizlik risklərini yaxın zamanda görmürəm. Ancaq iqtisadi təsirləri ola bilər və bu, Azərbaycana, hətta Ermənistana da aiddir. Ancaq yenə deyirəm, bu, ABŞ-ın siyasətindən daha çox asılı olacaq.

ABŞ bunu bütün dünya ölkələrinə kütləvi şəkildə və istisnasız tətbiq edə bilər ki, bunun özü də ABŞ üçün müəyyən problemlər yaradır. Çünki Çin kimi böyük bir dövlətə sanksiyaların tətbiqi qarşılıqlı xarakter daşıya bilər. Ona görə də fikir verirsinizsə, ABŞ hələlik bu məsələyə tələsmir. Çünki Çin rəhbərliyinin sentyabr ayında ABŞ-a səfəri gözlənilir. Düşünürəm ki, bu məsələlər əsasən ABŞ-da Donald Trampla Si arasında keçiriləcək görüşdə müzakirə predmeti olacaq”.