Gürcüstanın keçmiş yüksək vəzifəli məmurlarının, o cümlədən sabiq baş nazir İrakli Qaribaşvilinin evində axtarışlar aparılıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin direktoru Emzar Qağnidze brifinqdə məlumat verib.
O bildirib ki, axtarışlar zamanı 7 milyon dollardan çox pul, 198 ədəd qiymətli zinət əşyası və saat, bahalı rəsm əsərləri və sənədlər götürülüb.
İstintaq tədbirlərində təxminən 230 hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib. Hazırda götürülən əşyalar araşdırılır.
Qağnidzenin sözlərinə görə, vəsaitlərin mənşəyi müəyyən edildikdən sonra müvafiq şəxslərə qarşı əlavə istintaq-əməliyyat tədbirləri və hüquqi reaksiya planlaşdırılacaq.
Oktyabrın 17-də sabiq baş nazir İrakli Qaribaşvili, sabiq DTX rəhbəri Qriqol Liluashvili, sabiq baş prokuror Otar Partsxaladze və daha 8 nəfərin evlərində axtarış aparılıb.
Bundan əlavə, ölkənin Daxili İşlər Nazirliyi oktyabrın 4-də Tbilisidə baş vermiş hadisələrlə bağlı daha 16 nəfəri saxlayıb.




