ABŞ prezidenti Donald Tramp Ukrayna hədəflərinə iri hava hücumundan sonra Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsinə keçməklə hədələyib.
Bu barədə “Sky News” məlumat yayıb.
Donald Tramp Moskvanın Ukrayna ilə münaqişədə ən böyük hava hücumuna başlamasından bir neçə saat sonra Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsinə keçməyə hazır olduğunu bildirib.
ABŞ prezidentdən Moskvanın cəzalandırılmasının ikinci mərhələsinə keçməyə hazır olub-olmadığını soruşduqda, Tramp “Bəli” cavabını verib.
Xatırladaq ki, bir müddət əvvəl Hindistanın Rusiya neftini almasına görə artıq cəza olaraq 50 faiz rüsum tətbiq edən Donald Tramp Rusiyaya təzyiqin ikinci və üçüncü mərhələsinin mümkünlüyünə işarə edib.
“Sky News” xəbər verir ki, onun son hədəsi ABŞ-ın maliyyə naziri Skott Bessentin fikirləri ilə səsləşir, o deyib ki, ABŞ və Avropanın əlavə iqtisadi təzyiqləri Moskvanı Ukrayna ilə sülh danışıqlarına başlamağa təşviq edə bilər.
Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, son hücum Rusiya liderlərinin “sülhə ciddi yanaşmadığını” göstərir.
Polşanın baş naziri Donald Tusk deyib ki, son hərbi hücum Moskvanı “sakitləşdirmək cəhdlərinin” mənasız olduğunu göstərib.
“ABŞ və Avropa Rusiyanı dərhal atəşkəsə razılaşmağa məcbur etmək üçün birlikdə işləməlidir. Bizdə bütün vasitələr var”, – Tusk deyib.
Bu arada Avropa Komissiyasının sədri Ursula fon der Leynen Kremlin “diplomatiyanı ələ saldığını” deyib.
Fransa prezidenti Emmanuel Makron isə bildirib ki, Ukraynanın 26 müttəfiqi döyüşlər dayandırıldıqdan sonra “təhlükəsizlik qüvvələrinin” bir hissəsi kimi Ukraynanın təhlükəsizliyinə zəmanət verməyə söz verib.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski sülh sazişi üzrə danışıqlar aparmaq üçün prezident Putinlə görüşməyə hazır olduğunu bildirib və ABŞ prezidenti Donald Trampı Rusiyanı hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün ona qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıb.




