Təşkilatımız yarandığı gündən Azərbaycan mədəniyyətinin təbliği və milli birliyimizin möhkəmləndirilməsi yolunda şərəfli bir yol keçmişdir. Mərkəzin qurucusu və ilk prezidenti unudulmaz xalq şairi, “Şöhrət” ordenli Söhrab Tahir olmuşdur. 2015-ci ildən etibarən isə təşkilata dünya şöhrətli xalq yazıçısı Çingiz Abdullayev rəhbərlik etmişdir.
Bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışına əsasən, 3 dekabr 2024-cü il tarixindən etibarən DAMM-ın idarəetmə strukturunda mühüm yenilənmə baş vermiş və dövlət qeydiyyatına alınmışdır. İdarə Heyətinin səs çoxluğu ilə qəbul etdiyi qərara uyğun olaraq, təşkilatın prezidenti vəzifəsinə uzun illər I vitse-prezident vəzifəsini uğurla icra etmiş tanınmış ictimai xadim Rasim Məmmədov təsdiq edilmişdir. Hazırda DAMM-ın fəaliyyətinə rəsmi və hüquqi qaydada prezident Rasim Məmmədov rəhbərlik edir.
Bununla əlaqədar, təşkilatın adından və rəsmi vəzifə statuslarından sui-istifadə edilməsi halları tərəfimizdən ciddi şəkildə qeydə alınmışdır. Bir daha ictimaiyyətin, dövlət qurumlarının və media nümayəndələrinin nəzərinə çatdırırıq ki, rəsmi reyestr çıxarışında adı qeyd olunmayan, heç bir hüquqi təyinatı və səlahiyyəti olmayan şəxslərin özlərini təşkilatın rəhbərliyində (məsələn: I vitse-prezident və s.) təqdim etməsi qanunsuzdur.
Bu kimi addımlar həm qurumun işgüzar nüfuzuna xələl gətirir, həm də dövlət tədbirlərinin təşkilatçılarını aldatmağa yönəldiyi üçün birbaşa hüquqi məsuliyyət yaradır. Təşkilatın adından sui-istifadə edən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq kəsərli tədbirlər görüləcəkdir.
Hörmətlə,
DAMM Mətbuat Xidmətinin rəhbəri:
İradə Məlikova






