Xarici ölkənin vətəndaşlığını qəbul edən, lakin Azərbaycan vətəndaşlığına rəsmi qaydada xitam verilməyən şəxslər ölkəmizdə hərbi xidmət öhdəliyindən azad olunmurlar. Qanunvericiliyə əsasən, belə şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər. Bu zaman onların xarici ölkədə hərbi xidmət keçməsi də hər zaman Azərbaycanda təkrar xidmətdən azad edilmələri üçün əsas sayılmır.
Bəs, ikili vətəndaşlığı olan şəxslərin hərbi xidmət öhdəliyi hansı qaydada tənzimlənir? Xarici ölkədə hərbi xidmət keçmiş şəxslər hansı hallarda Azərbaycanda yenidən xidmətə çağırıla bilərlər və qanunvericilikdə bu məsələyə dair hansı istisnalar nəzərdə tutulur?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, xarici ölkənin vətəndaşlığını qəbul edən şəxslərin Azərbaycan vətəndaşlığından avtomatik olaraq çıxdıqlarını düşünmək düzgün deyil. Azərbaycanda ikili vətəndaşlıq tanınmasa da, bəzi ölkələrin qanunvericiliyi buna imkan verir.
“Həmin ölkələrdə yaşayan azərbaycanlılar bu ölkələrin vətəndaşlığını qəbul edə bilərlər. Lakin bu, onların Azərbaycan vətəndaşlığına avtomatik xitam verilməsi demək deyil. Vətəndaşlıqdan çıxma məsələsi qanunvericiliklə tənzimlənir.
Şəxsin Azərbaycan vətəndaşlığına xitam verilməyibsə, o, ölkəmizdə ümumi əsaslarla hərbi xidmətə çağırıla və müvafiq öhdəlik daşıya bilər. Buna görə də xarici ölkənin vətəndaşlığını qəbul edən şəxslərin hərbi xidmət öhdəliyindən azad olduqlarını düşünmək yanlışdır. Azərbaycan vətəndaşlığı qüvvədə qaldığı müddətdə onların Konstitusiyadan irəli gələn hərbi xidmət borcu da davam edir. Bu öhdəlik qanunvericilikdə müəyyən edilmiş yaş həddinə, yəni 30 yaşa qədər qüvvədədir.
Xarici ölkədə hərbi xidmət keçmiş şəxslər də Azərbaycanda yenidən hərbi xidmətə çağırıla bilərlər. Bununla belə, qanunvericilikdə müəyyən istisnalar mövcuddur. Belə istisnalar, xüsusilə, şəxsin hərbi xidmət keçdiyi ölkənin Azərbaycanla münasibətləri və həmin şəxsin xarici ölkədə üzərinə götürdüyü öhdəliklərlə bağlı ola bilər. Həmin öhdəliklər Azərbaycanın milli maraqları ilə üst-üstə düşmədikdə müəyyən təhlükəsizlik riskləri yarana bilər.
Məsələn, şəxs Azərbaycanla dost olmayan münasibətlərə malik və ya ölkəmizlə müəyyən fikir ayrılıqları yaşayan dövlətdə hərbi xidmət keçibsə, onun Azərbaycanda yenidən xidmətə cəlb olunması məsələsinə xüsusi diqqətlə yanaşılmalıdır. Çünki belə şəxslər xarici ölkədə xidmət zamanı müəyyən məlumatlar əldə etmiş ola bilərlər. Bu baxımdan, həmin istisnaların nəzərə alınması vacibdir.
Ümumilikdə, şəxs Rusiyada, Ukraynada, Belarusda və ya hər hansı Avropa ölkəsində hərbi xidmət keçibsə, lakin Azərbaycan vətəndaşlığına xitam verilməyibsə, onun Azərbaycan vətəndaşı kimi konstitusion hərbi xidmət borcu davam edir. Bu öhdəlik könüllü seçim deyil və qanunla müəyyən edilmiş qaydada yerinə yetirilməlidir. İnsanlar həm bu məsələnin hüquqi tərəfləri barədə məlumatlı olmalı, həm də qərarlarının yarada biləcəyi hüquqi nəticələri nəzərə almalıdırlar”.



