Cinayət törətmiş şəxslərin hərbi xidmətə çağırılması məsələsi qanunvericilikdə müəyyən qaydalarla tənzimlənir. Belə ki, cinayət törətmək və ya məhkumluğun olması hər bir halda hərbi xidmətdən azad edilmək demək deyil. Bəzi hallarda şəxslərin hərbi xidmətə çağırılması müvəqqəti dayandırılır, müəyyən cinayətlərə görə məhkum olunanlar isə ümumiyyətlə çağırışa cəlb edilmirlər. Bəs hansı cinayətləri törətmiş şəxslər hərbi xidmətə çağırılmır? Məhkumluğu ödənilmiş və ya götürülmüş şəxslərin hərbi xidmətə çağırılması mümkündürmü?
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən hüquqşünas Səməd Vəkilov bildirib ki, həqiqi hərbi xidmətə çağrış Hərbi vəzifə və hərbi xidmət haqqında qanunla tənzimlənir:
“Qanunun 22-ci maddəsində müddətli həqiqi hərbi xidmətə çağırılmayan vətəndaşların dairəsi müəyyən edilib.
Maddəyə əsasən aşağıdakı şəxslər müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar:
İctimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən və ya barələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilmiş vətəndaşlar;
Əvvəllər qəsdən törətdiyi cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş və məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar;
Barəsində olan cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş materiallar üzrə ibtidai istintaq və ya təhqiqat aparılan, yaxud barəsində olan cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə məhkəmədə baxılan vətəndaşlar;
Qanunun həmin maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar”.



