Çinin yeni nəsil süni intellekt modelləri qlobal texnologiya balansını dəyişməyə başlayıb. Pekin açıq arxitekturalı modellər vasitəsilə ABŞ ilə rəqabətdə sürətlə irəliləyir və bəzi sahələrdə Qərbə çatıb.
Fransanın “Atlantico” nəşri bu barədə yazıb.
Çin ABŞ-ın süni intellekt üstünlüyünə meydan oxuyur
Məqalədə qeyd olunur ki, “Moonshot” şirkətinin “Kimi K3” və digər Çin modelləri gözləniləndən daha sürətli inkişaf edərək ABŞ-nin qapalı sistemləri ilə rəqabət aparmağa başlayıb. Çinin əsas üstünlüyü texnologiyaları açıq şəkildə yaymaq strategiyasıdır.
ABŞ şirkətləri əsas modelləri qapalı saxlayaraq onlara nəzarət edir, Çin isə qabaqcıl sistemləri daha geniş istifadəyə təqdim edir. Bu yanaşma Pekinə həm iqtisadi, həm də siyasi üstünlük verir. Ekspertlər hesab edir ki, Çin süni intellektdən qlobal təsir vasitəsi kimi istifadə edir və texnologiyanın yayılması ölkənin “yumşaq gücünü” artırır.
Ucuz modellər və məlumat təhlükəsizliyi
Çin şirkətlərinin digər üstünlüyü aşağı qiymət strategiyasıdır. Onlar süni intellekt xidmətlərini daha ucuz təqdim edərək ABŞ laboratoriyalarına təzyiq göstərirlər. Bu yanaşma əvvəllər elektrik avtomobilləri və günəş panelləri bazarında da müşahidə olunub.
Çin süni intellekt sistemləri ilə bağlı əsas müzakirələrdən biri isə məlumat təhlükəsizliyidir. Ekspertlərin fikrincə, modelin öz təhlükəsizliyi ilə istifadəçi məlumatlarının qorunması fərqli məsələlərdir. Sistemlər Avropa serverlərində lokal işlədildikdə risk azalır, lakin onlayn xidmətlərdə məlumatların Çin serverlərində saxlanılması narahatlıq yaradır.
Bununla yanaşı, bəzi hallarda Çin modelləri praktiki üstünlük də nümayiş etdirib. Məsələn, “Hugging Face” platformasına qarşı süni intellektlə yaradılmış hücum zamanı Çin istehsalı “GLM 5.2” modelindən istifadə vəziyyətə nəzarəti bərpa etməyə kömək edib.
Qərb şirkətləri Çin modellərinə keçir
Çin süni intellekt modellərindən istifadə edən şirkətlərin sayı sürətlə artır. Məlumata görə, son aylarda şirkətlərin təxminən 60 faizi Çin modellərindən istifadə etməyə başlayıb. “Airbnb”, “Booking” və “Cursor” kimi şirkətlər bu texnologiyalardan istifadə etdiklərini açıqlayıblar. “Microsoft” da “Kimi” modelini öz bulud xidmətlərinə əlavə edib.
Avropada əsas ümid Fransanın “Mistral” şirkətinə bağlanır. Lakin ekspertlər hesab edir ki, şirkət əvvəlki sürətini itirib və daha çox “suveren İT həlləri” sahəsində fəaliyyət göstərir. Beləliklə, süni intellekt uğrunda mübarizə artıq yalnız texnoloji yarış deyil. ABŞ qapalı sistemlər üzərində qurulan modeli qoruyarkən, Çin daha açıq və ucuz modellər vasitəsilə qlobal liderliyə yaxınlaşmağa çalışır.




