Avrostatın məlumatına görə, qadınların ümumi saatlıq əməkhaqqı kişilərin qazancından orta hesabla 11,1 faiz aşağıdır. Başqa sözlə, İttifaqda kişinin qazandığı hər 100 avroya qadının qazandığı cəmi 88,9 avro düşür.
Bu barədə “Euronews” məlumat yayıb.
Əgər bunu illik gəlirə çevirsək, fərq daha bariz görünür. Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC) Avrostat məlumatlarına əsaslanan qiymətləndirməsinə görə, Aİ-də orta statistik qadın kişiyə nisbətən illik təqribən 3 900 avro az qazanır.
Bu o deməkdir ki, Aİ-də işləyən 92,5 milyon qadın ümumilikdə ildə 358 milyard avrodan çox pul itirir.
Lüksemburq Aİ-də qadınların kişilərdən daha çox qazandığı yeganə ölkədir – onlar ildə təxminən 474 avro çox qazanırlar.
2025-ci ilin məlumatlarına əsasən, orta statistik işləyən qadın Finlandiyada (7 592 avro), Avstriyada (6 854 avro), Almaniyada (6 049 avro) və İsveçdə (5 116 avro) ildə 5 000 avrodan çox pul itirir.
İllik itkilər Estoniyada (4 967 avro), Fransada (4 536 avro), Çexiyada (4 499 avro) və İrlandiyada (4 129 avro) da orta avropa göstəricisini (3 881 avro) üstələyir; bütün bu ölkələrdə itkilər 4 000 avro həddini keçir.




