Bu müraciət artıq elektron qaydada ediləcək – Milli Məclisdən qərar

Bu müraciət artıq elektron qaydada ediləcək – Milli Məclisdən qərar

Parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunlara dəyişikliklər müzakirə edilib.

Qəbul olunan dəyişikliklərə əsasən, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi” və “İctimai iştirakçılıq haqqında” Qanunda ictimai dinləmə və ictimai müzakirələrin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkil olunmasına hüquqi əsas yaradılır.

Bununla yanaşı, ictimai dinləmə və ictimai müzakirələrin təşkili və keçirilmə vaxtı barədə məlumatların çatdırılması, ictimai şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatın başlanması və başa çatması, ictimai dinləmə və ictimai müzakirələrlə bağlı elanların, həmçinin Milli Məclis Aparatında qeydiyyata alınmış qanun layihələrinə dair əlaqəli məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə açıqlanması nəzərdə tutulur.

Eyni xarakterli dəyişikliklər “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Qanunda da əksini tapıb. Həmin dəyişikliklər qanunvericilik təşəbbüsü hüququnun elektron qaydada həyata keçirilməsi zamanı sənəd və məlumatların Mərkəzi Seçki Komissiyasına təqdim olunması, təşəbbüs qrupu sədrinin EHİS-dəki elektron kabinetdən istifadə etməsi, eləcə də elektron poçt və ya SMS vasitəsilə məlumatlandırılma kimi prosedurların sistem üzərindən icrasının hüquqi əsaslarını müəyyənləşdirir.

Qeyd olunub ki, bu dəyişikliklər hazırda tətbiq edilən prosedurların icrası zamanı vaxt itkisinin azaldılmasına, şəffaflığın təmin olunmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edəcək.