“Bayraq” ordenli Qazi Zahir Həsənov – İki Qarabağ savaşının şərəfli döyüş yolu – VİDEO

Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı, “Bayraq” ordenli qazi Zahir Şamxal oğlu Həsənov haqqında Azərbaycan Televiziyası tərəfindən xüsusi sənədli film hazırlanıb. Film onun keçdiyi şərəfli döyüş yolunu, Vətən uğrunda göstərdiyi fədakarlığı və komandirlik məharətini əks etdirir. Bu ekran işi bir insanın taleyi fonunda Azərbaycanın son onilliklərdə yaşadığı ağrılı, lakin qürurlu tarixini də nümayiş etdirir.
Zahir Həsənov 1959-cu ildə Füzuli rayonunun Çuvarlı kəndində kolxozçu ailəsində anadan olub. 1964-cü ildə valideynləri Sumqayıt şəhərinə köçsələr də, o, bir müddət ana babasının himayəsində doğma kəndində qalıb. İlk təhsilinə 1966-cı ildə Çuvarlı kənd 8 illik məktəbin 1-ci sinfində başlayıb.
1968-ci ildə 3-cü sinfi bitirdikdən sonra Sumqayıta valideynlərinin yanına köçüb və 1969-cu ildən etibarən şəhər 3 saylı məktəbdə təhsilini davam etdirib. 1974-cü ildə 8-ci sinfi bitirərək Sumqayıt Politexnik Texnikumuna daxil olub. 1979-cu ildə texnikumu başa vuraraq inşaatçı-texnik ixtisasına yiyələnib və əmək fəaliyyətinə başlayıb. Həmin il hərbi xidmətə yollanıb.
Mülki fəaliyyət və rəhbər vəzifələr. Hərbi xidmətdən qayıtdıqdan sonra 7 saylı Trestin Su-87 Tikinti İdarəsində iş ustası kimi çalışıb. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndislər İnstitutunun Sənaye və Mülki Tikinti fakültəsinə qəbul olunub. 1985–1987-ci illərdə Sumqayıt Tikinti İdarəsində direktor müavini, 1990–1992-ci illərdə isə Xocalı Tikinti İdarəsində rəis müavini vəzifəsində işləyib.
Onun həm mülki, həm də hərbi sahədə qazandığı təşkilatçılıq təcrübəsi sonrakı döyüş illərində xüsusi əhəmiyyət kəsb edib.
Birinci Qarabağ müharibəsində – Komandir kimi. 1992–1995-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi hissə komandiri vəzifəsində xidmət edib. Komandir olduğu dövrdə Füzuli rayonu ərazisində gedən bütün döyüş əməliyyatlarında yaxından iştirak edib.
5 yanvar 1994-cü ildə baş tutan məşhur Qoradiz əməliyyatı zamanı xüsusi igidlik göstərib. Əməliyyatın uğurla başa çatmasında və düşmənin geri çəkilməsində onun rolu müstəsna olub.
Zahir Həsənovun rəhbərliyi ilə Füzuli rayonunun Cəbrayıl sərhədindən Çuvarlı kəndinədək 23 kilometrlik ərazinin müdafiəsi təşkil olunub. O illərdə ordu yeni formalaşırdı, silah-sursat çatışmazlığı vardı. Lakin vətənpərvərlik ruhu hər şeydən üstün idi. Bir gün ərzində yalnız İşıqlı kəndindən 72 nəfər könüllü hərbi hissəyə qoşulmuşdu. Ardınca Çuvarlı, Qaradağlı, Gorazıllı, Xələfçə və digər kəndlərdən axın-axın gələn könüllülər böyük bir hərbi birliyin əsasını qoymuşdu.
Döyüş yoldaşlarının xatirələrində
Döyüş yoldaşı, hərbi ekspert Üzeyir Cəfərov onu belə xatırlayır:
“Çox ürəkli və bacarıqlı tabor komandirlərindən biri olub. Onun 90-cı illərdə Qarabağ döyüşlərində göstərdiyi şücaət və qəhrəmanlıq mütləq şəkildə rəsmi təsdiqini tapmalıdır. Biz briqada komandiri ilə birgə onun Azərbaycanın ən yüksək mükafatına layiq görülməsi üçün təqdimata imza atmışıq.”
General-leytenant Şair Ramaldanov isə onun təşkilatçılıq qabiliyyətini xüsusi vurğulayır:
“Zahirə yarızarafat, yarıgerçək demişdim ki, ‘tı moy zam po nereşayemım voprosam’ – yəni həll olunmayan məsələlər üzrə mənim müavinim. Çünki o, istənilən təşkilati məsələni qısa zamanda həll etməyi bacarırdı.”
Polkovnik Telman Əliyev isə onun səmimiliyini və sədaqətini önə çəkir:
“Zahir çox səmimi, fədakar və sədaqətli insandır. O dövrdə nizamlı ordu yox idi, hər kəs əlindən gələni edirdi. Zahir və onun döyüşçüləri Füzuli torpaqlarının qorunmasında böyük fədakarlıq göstəriblər.”
İkinci Qarabağ müharibəsində – Ata və oğul cəbhədə. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı Zahir Həsənov yenidən silaha sarıldı. 62 yaşında könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinə yazıldı. Oğlu isə ilk gündən cəbhədə idi. Ata və oğul eyni hərbi hissədə Füzuli istiqamətində döyüşlərə qatıldılar.
Onun sözləri ilə desək:
“Əsgərlər bizə deyirdilər: ‘Ağsaqqal, buraya niyə gəlmisiniz?’ Cavab verirdim: ‘Döyüşməyə’. Onlar deyirdilər: ‘Biz ölmüşük ki, siz gəlmisiniz?’”
Bu müharibənin Birinci Qarabağ savaşından əsas fərqini isə belə izah edir:
“Ordu üçün nə lazımdırsa təmin olunmuşdu – silahdan geyimə, yeməyə qədər. Qələbəmizin əsasını yüksək səviyyədə təşkil olunmuş aviasiya və artilleriya təşkil edirdi.”
Ailə və həyat fəlsəfəsi
Zahir Həsənov ailəlidir, 4 övladı və 7 nəvəsi var. O, yalnız cəbhədə deyil, ailədə də dayaqlı ata və baba nümunəsidir. Onun həyatı göstərir ki, Vətənə sədaqət nəsildən-nəslə ötürülən bir əmanətdir.
Zahir Həsənovun ömür yolu bir insanın taleyindən daha artıq məna daşıyır. Bu yol – kənddən başlayan, tikinti meydanlarından keçən, səngərlərdə möhkəmlənən və yenidən cəbhəyə qayıdan bir Azərbaycan oğlunun şərəf salnaməsidir.
Onun həyatı sübut edir: Vətən sevgisi yaşla ölçülmür. Bu sevgi ömrün son nəfəsinədək insanın ürəyində yaşayır.

Sənubər Səhər