Alimlərdən sensasion kəşf: Ulduzdan 100 milyard dəfə güclü sirli obyekt tapıldı

Massaçusets Texnologiya İnstitutunun (MIT) astrofizikləri Kif bürcündə yeni astronomik obyekt aşkarladıqlarını ehtimal edirlər.

Tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.

Alimlərin məlumatına görə, obyekt xarici görünüşünə görə nəhəng ulduzu xatırladır. Lakin onun yaydığı enerji məlum olan istənilən ulduzun istehsal edə biləcəyindən təxminən 100 milyard dəfə çoxdur.

Şüalanma səviyyəsinə görə bu obyekt ulduzlardan daha çox qara dəliklərə yaxın hesab edilir. Məlumata görə, onun mənbəyi Böyük Partlayışdan cəmi 660 milyon il sonra formalaşıb.

Tədqiqatın aparıcı müəllifi Rohan Naydu bildirib ki, sözügedən obyekt ulduzla qara dəliyin birləşməsini xatırladır.

Qeyd edək ki, may ayında NASA və Avropa Kosmik Agentliyi “James Webb” teleskopunun köməyi ilə ilkin qara dəliyə ən real namizədlərdən birinin aşkarlandığını açıqlamışdı. Söhbət ilkin Kainatda ulduzun çökməsi nəticəsində deyil, qalaktikadan əvvəl formalaşmış superkütləvi obyektdən gedir.