“Alimlər insan ömrünün bioloji həddini müəyyənləşdirdi: insanlar 200 il yaşaya bilərmi?” – Elmi tədqiqat

Yaşlanma aradan qaldırılsa belə, maneə qalacaq

Alimlər hesab edir ki, gələcəyin təbabəti yaşlanmanın əsas səbəblərinin çoxunu aradan qaldıra bilsə, insan ömrü nəzəri olaraq indiki göstəricilərdən xeyli arta bilər.

Bu barədə “dailymail.ru” nəşri yazıb.

Yeni araşdırmaya görə, orta ömür müddəti 146-194 ilə qədər yüksələ bilər. Lakin hətta ən nikbin ssenaridə belə insan ömrünün təxminən 200 ildən çox olması ehtimal edilmir. Səbəb isə hüceyrələrdə zamanla toplanan DNT mutasiyalarıdır.

DNT mutasiyaları “son maneə” olacaq

Alimlər yaşlanmanın bir çox mexanizmlərini – xroniki iltihabı, hüceyrələrin zədələnməsini, regenerasiya qabiliyyətinin azalmasını və digər prosesləri nəzərə alaraq riyazi model hazırlayıb. Modeldə bu amillərin hamısının gələcəkdə tibbin inkişafı nəticəsində aradan qaldırıldığı fərz edilib. 

Yeganə qalan amil isə hüceyrələrdə yığılan somatik mutasiyalar olub. Hər hüceyrə bölünməsi zamanı DNT-də təsadüfi dəyişikliklər baş verir. Orqanizm bu səhvlərin böyük hissəsini düzəldə bilsə də, bəzi mutasiyalar qalır və illər ərzində toplanır.

Beyin və ürək daha çox zərər görür

Araşdırmaya görə, DNT mutasiyalarının təsiri bütün orqanlarda eyni deyil. Beyin və ürək dahav həssas hesab olunur, çünki bu orqanlardakı bir çox hüceyrə insan yetkinlik yaşına çatdıqdan sonra nadir hallarda yenilənir.

Qaraciyər isə daim bərpa olunduğu üçün mutasiyaların yığılmasına daha yaxşı müqavimət göstərir. Alimlər bir neçə orqanın məlumatlarını birləşdirərək belə nəticəyə gəliblər ki, insan ömrünün son həddini məhz DNT-də toplanan dəyişikliklər müəyyən edə bilər.

200 illik həyat hələ uzaq gələcəkdir

Tədqiqatçılar vurğulayır ki, bu nəticələr insanların yaxın gələcəkdə 200 il yaşayacağı anlamına gəlmir. Bu, yalnız nəzəri modeldir və gələcək tibbin bütün əsas yaşlanma mexanizmlərini aradan qaldıra biləcəyi fərziyyəsinə əsaslanır.

Alimlərin fikrincə, hətta yaşlanma prosesinin böyük hissəsi nəzarət altına alınsa belə, insanın öz genomunda yerləşən bioloji məhdudiyyətlər qalacaq. Araşdırma müəllifləri hesab edir ki, yaşlanma mexanizmlərinin daha dərindən öyrənilməsi gələcəkdə ömrün uzadılması üçün yeni üsulların hazırlanmasına kömək edə bilər.