Azərbaycanda ailələrin aylıq gəlirlərinin əhəmiyyətli hissəsi gündəlik və zəruri xərclərə yönəlir. Xüsusilə kirayə haqqı, ərzaq və kommunal ödənişlər ailə büdcəsinə ciddi yük yaradır.
Bəs bu xərclərin ailələrin aylıq gəlirində payı nə qədərdir və hansı xərc növü büdcəyə daha çox təsir edir?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov açıqlamasında bildirib ki, ailə büdcəsində xərclərin dəqiq faiz nisbətini müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırma aparılmalıdır:
“Bununla bağlı tədqiqat aparılmalıdır ki, dəqiq rəqəmləri demək mümkün olsun. Məsələn, ailə kirayədə yaşayırsa və vətəndaş minimum əməkhaqqı civarında, yəni 400-600 manat maaş alırsa, şəhərdən kənarda belə ən ucuz birotaqlı evin kirayəsi 200-300 manat təşkil edə bilər. Bu halda gəlirin 60-70 faizi yalnız kirayəyə gedir. Belə vəziyyətdə ailəni dolandırmaq, təbii ki, mümkün deyil”.
Ekspertin sözlərinə görə, ailənin gəlir-xərc nisbəti yaşayış yerindən, ailə üzvlərinin sayından və gəlir səviyyəsindən asılı olaraq dəyişir:
“Məsələn, vətəndaş 1000 manat maaş alırsa, şəhərdən kənarda yaşayırsa və ailə üzvlərinin sayı çoxdursa, təxmini hesablama aparmaq mümkündür. Amma konkret faiz nisbəti ilə danışmaq çətindir.
İlk növbədə ailə büdcəsinə ən ciddi təsir edən xərc istiqamətlərindən biri kirayədir. Kirayədə yaşayan vətəndaşın gəlirinin əhəmiyyətli hissəsi buna gedir. Ardınca ərzaq xərcləri gəlir. Bu da bir çox vətəndaşın gəlirində ciddi xərc payı təşkil edir”.
Fuad İbrahimov nəqliyyat xərclərinin də ailə büdcəsinə əlavə yük yaratdığını vurğulayıb:
“Şəhərdən kənarda yaşayan və şəhərdə işləyən vətəndaş gündə ən azı iki dəfə marşrut dəyişməli olur. Vətəndaş bir bilet alırsa, bir saat ərzində istənilən sayda marşrutu, məsələn, 2-3 dəfə dəyişə bilməlidir. Bu, ailə büdcəsinə müəyyən qədər təsir göstərər və nəqliyyat xərclərini azaldar”.
Ekspert bildirib ki, ailələrin xərcləri yalnız kirayə, ərzaq və kommunal ödənişlərlə məhdudlaşmır. Səhiyyə və təhsil sahəsində də ailələrin üzərinə əlavə, bəzən isə gözəgörünməyən xərclər düşür:
“Səhiyyəmiz pulsuz hesab olunsa da, müəyyən hallarda vətəndaşlar əlavə pul xərcləmək məcburiyyətində qalırlar. Məsələn, hər hansı müayinəyə növbə bir ay sonraya verilə bilər. Vətəndaş da məcburiyyət qarşısında növbəsiz müayinədən və ya xidmətdən istifadə edir”.
Ekspert təhsil sahəsində də oxşar vəziyyətin yarandığını deyib:
“Təhsilin adı pulsuz olsa da, faktiki olaraq ailələrin üzərinə müəyyən xərclər düşür. Demək olar ki, əhalinin böyük hissəsi uşaqlarını birinci sinifdən repetitor yanına göndərir. Halbuki sovet dövründə bu məsələ əsasən yuxarı siniflərdə, xüsusilə 9-10-cu siniflərdə aktuallaşırdı. İndi isə uşaqların böyük qismi əlavə müəllim yanına gedir. Bunların hamısı gözə görünməyən xərclərdir”.
İqtisadçı əlavə edib ki, telefon, internet, geyim və digər gündəlik tələbatlar da ailələrin ümumi xərc yükünü artırır.
“Telefon, internet, geyim və digər xərclər də ailə büdcəsində ciddi yer tutur. Ümumilikdə, gəlirin 80-90 faizinə təsir edən əsas xərc istiqamətləri arasında kirayə, ərzaq və kommunal ödənişləri xüsusi qeyd etmək olar. Bunlar ailənin ümumi xərclənmə xəritəsinin əsas hissəsini təşkil edir”, – deyə Fuad İbrahimov vurğulayıb.



