Türkiyədə şəhid jurnalistlərin adına xüsusi mükafat təsis olundu

0
244

Türkiyədə Azərbaycanın şəhid jurnalistləri Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub.

Ankarada Türkiyə Xəbər Video-operatorları Cəmiyyətinin təşkil etdiyi “Zoom” (Zum) 25-ci beynəlxalq xəbər videosu müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə cari il iyunun 4-də Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək şəhid olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının videooperatoru Sirac Abışovun adlarına təsis edilən xüsusi mükafat da təqdim edilib.

Təqdimat mərasimində məlumat verilib ki, Türkiyə Xəbər Videooperatorları Cəmiyyətinin təşkil etdiyi “Zoom” 25-ci beynəlxalq xəbər videosu müsabiqəsinə Türkiyə ilə yanaşı, Azərbaycan, Gürcüstan, Braziliya da daxil olmaqla yaxın və uzaq xarici ölkələrdən ümumilikdə 105 video göndərilib.

Tədbirdə nüfuzlu jüri tərəfindən 9 kateqoriyada müəyyən edilən qaliblərə mükafatlar təqdim edilib. Fərqlənən videolar Türkiyə və dünyanın müxtəlif bölgələrində, o cümlədən qaynar nöqtələrdə baş verən hadisələri əks etdirib.

Türkiyənin nüfuzlu telekanallarından olan NTV, “Haber Türk”, “Haber Global”, “A Haber”in əməkdaşları 44 günlük Vətən müharibəsi zamanı Qarabağda apardıqları çəkilişlərə görə nüfuzlu mükafata layiq görülüblər.

Mərasimdə Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhid olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının videooperatoru Sirac Abışovun adlarına təsis edilən xüsusi mükafata Azərbaycan Televiziyasının müxbiri Anar Şuşalı və operatorlar İlkin Mehdiyev və Daşqın Abdullayev layiq görülüblər.

Mükafatı təqdim edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib ki, ermənilərin Qarabağda törətdikləri cinayətlər məhz jurnalistlər, videooperator və fotomüxbirlərin əməyi sayəsində dünya ictimaiyyətinə çatdırılıb.

Təqdimetmə mərasimində bir neçə dəfə İkinci Qarabağ savaşını, eləcə də təcavüzkar Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı tətbiq etdiyi raket zərbələrini əks etdirən, həmçinin şəhid jurnalist Məhərrəm İbrahimovun və şəhid videooperator Sirac Abışovun işğaldan azad olunan bölgələrdə şərəfli vəzifələrini yerinə yetirərkən çəkilmiş kadrlar nümayiş olunub.

Qeyd edək ki, Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 1989-cu ildə Ardanış kənd orta məktəbinin birinci sinfinə gedib. 1999-cu ildə 100 nömrəli orta məktəbi bitirərək həmin il Ali İctimai-Siyasi Kollecin Jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirərək iyulun 15-də Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında başa vurub.

2004-cü il sentyabrın 1-dən AZƏRTAC-da müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb.

2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. İki övladı olan M.İbrahimov iyunun 5-də Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin yanında dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

S.Abışov 29 avqust 1989-cu il tarixində Qubadlı şəhərində anadan olub. 2019-cu ildən AzTV-də işləməyə başlayıb.

Bir övladı olan S.Abışov iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub.

Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.