Sarkisyan prezidentliyi dövründə Ermənistanda korrupsiyanın tüğyan etdiyini etiraf edib

0
264

Etiraf edirəm ki, mənim hakimiyyətim dövründə Ermənistanda korrupsiya yüksək səviyyədə idi. Ədalətsizlik olub və digər problemlər də çox idi. Mən bütün günahlarımı başqalarının üzərinə yıxmaq istəmirəm və həqiqəti etiraf edirəm.

Bu sözləri ölkənin keçmiş prezidenti Serj Sarqsyan sədri olduğu “Respublika” Partiyasının qurultayındakı çıxışı zamanı söyləyib.

O deyib: “Etiraf edirəm ki, bizim adımızla sərvət toplayanlar çox idi və mən onlara qarşı sərt deyildim. Mən xalqla kifayət qədər açıq deyildim, bir çox daxili problemlərə əhəmiyyət vermirdim”.

S.Sarqsyan, həmçinin rəhbərlik etdiyi partiyanın sıralarında etimada layiq olmayan insanların olduğunu da boynuna alıb. Bildirib ki, məhz həmin insanlara görə, nüfuzumuza çox ağır zərbələr dəyib.

Qeyd edək ki, 1954-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olan Serj Azad oğlu Sarqsyan keçmiş Dağlıq Qarabağdakı erməni separatçı-terrorçularının rəhbərlərindən biri olub.

O, müxtəlif vəzilərdə, o cümlədən 2008-2018-ci illərdə Ermənistanın prezidenti olub. Dövlət başçısı olduğu dövrdə daxili siyasətdə korrupsiya, özbaşınalıq geniş vüsət alıb, xarici siyasətdə isə ölkəsini Rusiyadan daha da asılı vəziyyətə salıb.

2018-ci ildə Ermənistan parlament respublikası idarəçiliyinə keçdikdən sonra ölkənin qanunverici orqanı onu baş nazir seçib. Lakin o, bu vəzifədə 6 gün qala bilib. Belə ki, S.Sarqsyanın seçilməsinə qarşı yönələn kütləvi etirazlar ölkədə inqilaba yol açıb, bu, onun vəzifədən getməsi ilə başa çatıb.