Mətbuat Şurasının sədri “Media haqqında” qanun layihəsini dəstəkləyib

0
261

“Yeni qanun layihəsi özündə yenilikləri ehtiva edir. Cənubi Qafqaz və bir sıra ölkələrin qanunvericiliyinə bələdəm. İndiki qanun layihəsi onlara bərabər və ən yaxşı qanunvericilik olacaq. Hətta onları da qabaqlayacaq”.

Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ə.Amaşov xatırladıb ki, media barəsində qanunvericiliyin qəbulundan 20 il keçib, müəyyən dəyişikliklər olsa da, bir sıra məqamlar açıq qalıb:

“Yeni layihə həmin açıq məqamları nəzərə alıb. Bir sıra hallarda Mətbuat Şurasına müraciət olurdu və müzakirələr zamanı bəzi məqamları hüquqi baxımdan mübahisələndirə bilmirdik. Çünki bir çox saytların nizamnaməsində xəbərlə bağlı müəyyən müddəalar yox idi. Yeni sənəddə onlayn media geniş anlamda media subyeklətlərinə daxil edilib. Bu gün Şuraya 16 mindən çox şikayət daxil olub. Onların hamısı məhkəməyə ünvanlansaydı, medianın vəziyyəti necə ola bilərdi?!”.