Jurnalistlər üçün imtiyazlar olacaq – Yeni SƏNƏD

0
298

Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən vəsiqə veriləcək.

Bu barədə “Media haqqında” qanun layihəsində bildirilir.

Bu vəsiqənin müddəti üç il olacaq.

Həmin vəsiqəni alan jurnalistlər üçün bir neçə imtiyaz da nəzərdə tutulur.

Belə ki, jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olacaq.

Bu vəsiqələri alan jurnalistlər dövlət orqanları, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq imtiyazı da qazanacaq.

Media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı da nəzərdə tutulur.

Layihədə qeyd olunur ki, həmin jurnalistlər özünün sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanacaq.

Qeyd edək ki, layihə Milli Məclisə təqdim edilib.