Ankara ilə Bakı arasında, xüsusən də hərbi sahədə son zamanlar möhkəmlənən əlaqələrdən sonra Azərbaycan Türkiyədə istehsal olunan təyyarələri almağı nəzərdən keçirir.
Bildirilib ki, Azərbaycan Türk Aerokosmik Sənayesinin ( TUSAŞ) istehsal etdiyi “Hürkuş” təlim təyyarəsinin ikinci müştərisi olacaq. Xəbərdə vurğulanıb ki, bu ilin əvvəlində Niger sözügedən təyyarəni almaq üçün Türkiyəyə müraciət edib.
“Defence News”da Azərbaycanda “Hürkuş”a böyük marağın olduğunu və tezliklə ölkəmizə ixracatda mühüm inkişafların olacağı qeyd edilib.
Türkiyənin Müdafiə Sənayesi naziri İsmayıl Dəmir dekabrın 4-də bildirib ki, Azərbaycanda “Hürkuş”lara böyük maraq var: “Biz tezliklə təyyarələrin Azərbaycana ixracı ilə bağlı mühüm hadisələrin şahidi olacağıq”.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının sözlərinə görə, İ.Demirin açıqlamasından bir gün əvvəl “Hürkuş” ölkəmizdə uçuş sınağından keçib. Tədbirdə Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov da iştirak edib.
“Hürkuş”la yanaşı Azərbaycanda yüngül hücum təyyarəsi olan “Hürjet” də diqqəti cəlb edib. Təchizat mənbəyinə əsaslanan xəbərdə bildirilib ki, Bakı “Hürjet”i almaqda maraqlı olduğunu bildirib.
Silahlı təlim təyyarəsi olan “Hürjet”in “Hürkuş”un reaktiv mühərrik versiyası olduğu və təyyarə üçün proqramın 2018-ci ildə başladıldığı qeyd edilib.
“Hürjet”in xüsusiyyətləri
Maksimum sürət: 1,4 Mach
Maksimum hündürlük: 13 min 716 metr
Əsas yükgötürmə qabiliyyəti: 3 min kiloqram
Qanadının genişliyi: 9,5 metr
Uçuş məsafəsi: 2592 km
Tam səlahiyyət, rəqəmsal idarə olunan uçuş sistemi
Daxili taktiki təlim və canlı virtual konstruktor təlim sistemləri
“Hürkuş”un xüsusiyyətləri
Maksimum kruiz sürəti: 574 kilometr
Maksimum xidmət hündürlüyü: 10 min 577 metr
Maksimum havada qalma müddəti: 4 saat 15 dəqiqə
Maksimum uçuş məsafəsi: 1478 km