Mədəni-təhsil proqramlarının hazırlanması hansı səviyyədədir? Aydın Xan Əbilovdan kreativ tənqid və təkliflər

0
276


Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra yeni tarixə, həyata qədəm qoyub. Cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə sonadək davam edir. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünya görüşü artırılmalı, savadlanmalı, hərtərəfli informasiya ilə əhatələnməlidir. Bütün bunlara nail olmaq üçün isə əlbəttə ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinə, yenilərinin hazırlanmasına böyük ehtiyac var.

Məlum olduğu kimi, zamanında böyük kütləyə təsir edəcək gücə malik televiziya və radioda mütəmadi olaraq elmi-kütləvi, mədəni-maarif proqramlar nümayiş olunurdu. Lakin indiki zamanda bunu demək qeyri-mümkündür.

Bəs nə etməli? Hazırda bu cür proqramların hazırlanması hansı səviyyədədir? Mövcud vəziyyət qaneedicidirmi?

Mövzu ilə bağlı sıralarında 60 təsisatı birləşdirən Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net elektron kitabxana və yenimedia.net portallarının təsisçisi, analitik-ekspert, yazıçı-kulturoloq tanınmış kulturoloq Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb: 

“Cəmiyyətimiz yeniliyə, liberallığa açıq bir toplum kimi tanınır. Dünyada çox az xalq var ki, bu qədər yeniliyə meyllidir. Azərbaycan insanı hər zaman çalışır ki, dünyada mövcud olan yeni texnologiyalardan istifadə etsin, həm özünün, ailəsinin, həm də toplumun inkişafına nələrsə verə bilsin. Əlbəttə ki, bu çox yaxşıdır. Lakin onun mənfi tərəfləri də çoxdur. Mənfi tərəf isə ondan ibarətdir ki, hər hansı texnologiya, yenilik, yəni istər yeni siyasi, ictimai, sosial, elit amillər Azərbaycana xaricdən gəlir. Özümüzün yaratdığımız nələrsə yoxdur. Və yaxud bizim insanın yaratdığı ilklər təəssüflər olsun ki, yalnız Avropada və digər ölkələrdə uğur qazandıqdan sonra Azərbaycan xarici texnologiya formatında gəlib çıxır. Məsələn, Lütfüzadənin ”Qeyri-səlis məntiq nəzəriyyə”si və yaxud gənclərimizin iri şirkətlərdə gördüyü yenilikləri nümunə göstərmək olar. Bu da onunla bağlıdır ki, Azərbaycan cəmiyyəti çox təəssüflər olsun ki, bünövrədə intellektual deyil. Yəni mütaliə etməklə elə də aramız yoxdur, eləcə də dərsliklərin, elmi kitabların səviyyəsi qənaətedici deyil.

Gələcəyi - indiki tarixi şifrələnən fantastik pyes - Aydın Xan Əbilov |  Edebiyyatqazeti.az

Aydınxan Əbilov: “Çox təəssüf ki, cəmiyyətimiz yeniliklərə o qədər də açıq deyil”

Elmə marağın azalması, təhsilin getdikcə aşağı səviyyəyə yuvarlanması ona gətirib çıxarır ki,Azərbaycan insanı xaricdə fərd olaraq nələrəsə imza ata bilir, amma Azərbaycan cəmiyyətində, toplumunda bu yeniliyi edə bilmir. Məsələn, hansı Nobel mükafatına layiq görülən texnologiyanı biz Azərbaycanda yaratmışıq? Halbuki məlum olduğu kimi İkinci Dünya müharibəsində Yusif Məmmədəliyev bunu edə bilmişdi. Və yaxud Lütfüzadə kimi, Nobel mükafatı alan ziyalılarımız var. Amma bir daha qeyd edirəm ki, onlar da xaricə gedib, icad etdikləri texnologiyanı, yeniliyi, nəzəri bilgiləri hər hansı bir formaya çeviriblər. Çünki kimsə burada nəsə yenilik, qeyri-adi bir şey icad edən kimi hamı onun üstünə gəlir. Kütlə sözün əsl mənasında düşüncə insanlarının üzərinə küt formada gəlir. Şəxsən mən də hər hansı fikirlərimə görə sərt reaksiyalarla qarşılaşmışam. Ona görə də xarici dil bilgilərinə malik, ayıq olan insanlar dərhal ölkədən çıxıb gedir. Digərləri isə öz qınına çəkilir və heç bir yeniliyə imza atmaq istəmir”.

Kulturoloq qeyd edib ki, Azərbaycan insanının dəyişilməsi üçün bütövlükdə toplumun intellektuallığı dəyişməlidir: “Heç olmasa toplum 20-30 faizi intellektə malik olmalı, daim bilgilərini artırmalı, yeniliyə açıq olmalı, yalnız romanlar, şeirlər, dünya ədəbiyyatını mütaliə etmək deyil, elmi sahəyə də maraq göstərməlidir. Həmçinin elmdə, incəsənətdə böyük rəqabət olmalıdır. Zamanında alimlərimiz, bəstəkarlarımız, incəsənət xadimləri arasında böyük rəqabət olmuşdu. İndi bu rəqabətlər, səs-küylü müzakirələr, beyin döyüşmələri, həmlələri yoxdur. Halbuki bütün dünyada bu mövcuddur, ona görə də həmin ölkələrin cəmiyyəti çox gözəl inkişaf edir. Çox sayda, bir-birinə rəqib olan beyin mərkəzləri yaratmaq lazımdır ki, onlar cəmiyyəti tərpədə bilsin”.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: “Mən demokrat deyiləm, çünki onun  mahiyyətini bilirəm” - VİDEO, FOTOLAR

Əhməd Qəşəmoğlu: “Həqiqi elmi mərkəzlərə ehtiyacımız var, nəinki… ”

Sosioloq Əhməd Qəşəmoğlu da qeyd etdi ki, cəmiyyətimizdə elmi mərkəzlərin yaradılmasına böyük ehtiyac var: “Qeyd etdiyiniz bu məsələ təkcə indi deyil, son 30 ildə olduqca çox aktualdır. Lakin İkinci Qarabağ müharibəsindən sonra daha da aktuallaşıb. Çünki ermənilər bilir ki, artıq hərbi baxımdan Azərbaycana qalib gələ bilməzlər. Ona görə də onlar başqa metodlara əl atmağa çalışırlar, hansı ki, həmin metodlardan bir zamanlar SSR-nin dağılmasında da istifadə olunub. Yəni məsələ olduqca ciddidir. Məsələ ondan ibarətdir ki, bir ölkəyə hərb yolu ilə qalib gələ bilməyəndə çalışırlar ki, həmin ölkədə mənəvi, mədəniyyət, təhsil sisteminə təsir etsinlər. Qeyd etdiyim sistemlərə təsir etməklə istənilən ölkədə xoşagəlməz proseslər yaratmaq mümkündür. Bu haqda bir şeirim də var idi ki, “Əvvəllər düşmənlər topla-tüfənglə gəlirdi, indi isə nərmənazik oğlan-qızla gəlir”. Həmin nərmənazik oğlan-qızın fəaliyyətini başa düşmək üçün, özümüzün müdafiə sistemimizi gücləndirməkdə çox diqqətli olmalıyıq. Elə etməliyik ki, ölkəmizə qarşı aparılan bu cür müdaxilələrin qarşısını ala bilək. Bunun üçün də universitetlərimizdə savadlı tələbələr yetişdirməliyik. Bu, təkcə 1-2 müəllim səviyyəsində deyil, ciddi elm, təhsil siyasətində öz əksini tapmalıdır. Biz bu sahə ilə bağlı çox ciddi elmi mərkəzlər yaratmalıyıq. Çox təəssüf ki, bizdə kimsə elm mərkəzi açanda ora öz dost-tanışını yığır, adını da elmi mərkəz qoyur. Halbuki elmi mərkəzdə müasir dövrün tələblərinə cavab verən mütəxəssislər işləməlidir. Yəni həqiqi elmi mərkəz yaratmaq lazımdır. Bu sahədə vəziyyət qənaətbəxş deyil”.

Xalidə Gəray, https://musavat.com/news/medeni-tehsil-proqramlarinin-hazirlanmasi-hansi-seviyyededir_839850.html