Rusiya ilə müharibənin bir günü Ukraynaya 266 milyon dollara başa gəlir.
Bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2026-cı ildə Ukrayna Silahlı Qüvvələrinin saxlanılmasına dövlət büdcəsindən ümumilikdə 4,37 trilyon qrivna (97,1 milyard dollar) ayrılacaq. Bu məbləğə hərbçilərin maaşları, silah və hərbi texnikanın alınması, eləcə də gözlənilməz xərclər daxildir. Bu hesablamalara əsasən, münaqişənin bir günü Ukraynaya orta hesabla 266 milyon dollara başa gəlir.
Lakin bu məbləğ ölkənin yalnız birbaşa büdcə xərclərini əks etdirir. Ukraynanın xarici tərəfdaşlarından aldığı Qərb silahlarının dəyəri bu hesaba daxil edilməyib. Buna görə də münaqişənin bir gününün ümumi dəyəri daha yüksək ola bilər.
Belə ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa may ayında hərbi əməliyyatların bir gününün ölkəyə təxminən 450 milyon dollara başa gəldiyini bildirmişdi.



