“Toy təşkilatçılarının əsas işi toyları yüksək səviyyədə təşkil etməkdir. Amma təəssüf ki, bəzi təşkilatçılar müəyyən müğənnilərlə əlbir olurlar. Məsələn, müğənniyə 10 min manatlıq toy verirlərsə, ondan həmin məbləğin min və ya 1500 manatını tələb edirlər. Mənim fikrimcə, bu, düzgün yanaşma deyil.
Bundan əlavə, bəzi təşkilatçılar toy sahiblərinə müəyyən müğənnilər haqqında bilərəkdən yanlış məlumat verirlər. Məsələn, toy sahibi Nəzpəri Dostəliyevanı dəvət etmək istəyir, amma ona deyirlər ki, müğənni həmin gün Bakıda deyil, xaricdədir və ya başqa tədbirdə iştirak edəcək. Belə hallar 2005-ci ildən bu günə qədər davam edir və görünür, hələ də mövcuddur”.
Bunu “Yeni Sabah”a prodüser Sultan Mustafayev deyib. O bildirib ki, toy təşkilatçılarının təşkil etdiyi məclislərin təxminən 95 faizi onların öz tanışları və çevrələri vasitəsilə baş tutur:
“Mən təşkil etdiyim toyların 100 faizində nə özüm, nə də komandam tərəfindən toy sahiblərinə hər hansı təzyiq göstərilməsinə yol verməmişəm. Etiraf edim ki, bəzən elə müğənnilər olub ki, şəxsi zövqümə uyğun gəlməsələr də, müştəri onları bəyənib seçdiyi üçün qərarına müdaxilə etməmişəm. Bu, reallıqdır.
Bilirsiniz, toy təşkilatçılarının təşkil etdiyi məclislərin təxminən 95 faizi onların öz tanışları və çevrələri vasitəsilə baş tutur. Kənardan gələn müştərilərin payı isə cəmi 4-5 faiz ola bilər. Bu gün mən Avropa prodüseri kimi tanınıramsa, toy sahibləri ilk növbədə adımı və gördüyüm işi nəzərə alaraq mənə müraciət edirlər. Onlar konkret bir müğənniyə görə deyil, mənim təşkilatçılığıma güvəndikləri üçün gəlirlər.
Təxminən 25 illik fəaliyyətim bunu göstərib. Hazırda yaşım və səhhətimlə əlaqədar daha az toy təşkil edirəm. Üstəlik, fəaliyyətimə görə yüksək qonorar tələb edirəm. Dünyanın 40-dan çox ölkəsində olmuşam, Avropada, Amerikada, Çində və digər ölkələrdə toylar təşkil etmişik. İndi isə yalnız seçdiyim tədbirlərdə iştirak edirəm və Azərbaycan bazarına müdaxilə etmirəm. Çünki hesab edirəm ki, hazırda ölkədə toy biznesində ciddi monopoliya yaranıb. Nadir Qafarzadənin bu barədə səsləndirdiyi fikirləri də dəstəkləyirəm”.
Prodüser qeyd edib ki, əgər toy sahibi ilə təşkilatçı əvvəlcədən razılığa gəliblərsə, başqa müğənninin həmin siyahıya müdaxilə etməsi düzgün deyil:
“Bəzən isə vəziyyət başqa cür olur. Məsələn, toy sahibi bir müğənni ilə əvvəlcədən danışır, daha sonra təşkilatçıya müraciət edərək bir neçə ifaçının məclisə dəvət olunmasını istəyir. Bu zaman həmin müğənni digər ifaçılara təzyiq göstərməyə başlayır. Bəzən onların mikrofonunun səsi azaldılır, musiqiçilərə ifa etməmək tapşırılır və ya başqa yollarla maneələr yaradılır.
Bu yaxınlarda tanınmış bir xanəndənin TikTok-da canlı yayımına baxırdım. O, başqa bir müğənninin yarım saatlıq çıxışı zamanı səsinin kəsilməsini, mikrofonuna səs verilməməsini istədiyini açıq şəkildə bildirdi. Deməli, bu cür rəqabət və problemlər əvvəllər də olub, indi də var.
Mənim adıma və işimə görə müraciət edən müştərilərlə ilk görüşdə onların zövqünü, hansı müğənniləri bəyəndiklərini öyrənirəm. Siyahını da həmin seçimlər əsasında hazırlayıram. Hətta bəzən şəxsi olaraq bəyənmədiyim müğənnilər də olub ki, sırf təşkil etdiyim toyun məsuliyyətini daşıdığım üçün məclisdə iştirak etmişəm. İstəsəniz, onların adlarını da çəkə bilərəm. Amma mən heç vaxt kiminsə toyuna mane olmamışam, heç bir müğənninin qarşısını kəsməmişəm.
Təəssüf ki, bu gün toy təşkilatçılarının və özünü prodüser adlandıran bəzi şəxslərin müğənnilər arasında münasibətləri korlamağa çalışdıqlarını görürük. Bununla bağlı çoxlu faktlar və şikayətlər var. Aygün Kazımova ilə çalışdığım dövrlərdə dəfələrlə mənə zənglər gəlirdi. İnsanlar onun yarım saat və ya bir saatlıq toyda iştirakını istədiklərini deyirdilər, lakin onlara müğənninin xaricdə olduğu və ya həmin gün Bakıda olmadığı bildirilirdi. Belə hallar çox olub”.
S.Mustafayev bildirib ki, toylar müxtəlif kateqoriyalara bölünür: elit, orta səviyyəli və, loru dildə desək, “qıjı” adlandırılan toylar:
“Müğənnilər də ifa tərzinə, repertuarına və çıxış etdikləri məclislərə görə fərqlənirlər. Mən hazırda əsasən Rusiyada, Türkiyədə və digər ölkələrdə keçirilən toylarda iştirak edirəm. Bu məclislərdə Aygün Kazımova və Röya kimi ifaçılar, eləcə də Mustafa Ceceli, Koray Avcı, Kibariye və Linet kimi sənətçilər yer alırlar. Nəfəs, Şəbnəm Tovuzlu, Türkan Vəlizadə və Damla kimi ifaçıların mənim təşkil etdiyim toylarda iştirak etməsini isə öz iş prinsipimə uyğun hesab etmirəm.
Müştəri ilə ilk görüşdə ona toyunu hansı səviyyədə təşkil etmək istədiyini, hansı musiqi zövqünə sahib olduğunu soruşuram. Əgər onun istəkləri mənim iş prinsiplərimə uyğun gəlmirsə, yüksək məbləğ təklif etsə belə, əməkdaşlıq etmirəm. Çünki mənim üçün təkcə pul deyil, zövq və keyfiyyət də vacibdir. İllərdir Avropa prodüseri kimi formalaşdırdığım imici qorumağa çalışıram və bundan sonra da belə davam edəcəyəm.
Bu gün Azərbaycan şou-biznesində ciddi problemlər var. Tarix Əliyev kimi şəxslərin də bu sahəyə təsir göstərdiyini düşünürəm. Mənim fikrimcə, musiqi və mədəniyyət sahəsində müəyyən biliklərə, təcrübəyə malik olmayan insanların bu qədər böyük təsir imkanlarına sahib olması problemləri daha da dərinləşdirir.
Hesab edirəm ki, hazırda toy biznesində şəffaflıqdan danışmaq çətindir. Nə qədər ki, bu sahədə savadsız və qeyri-peşəkar təşkilatçılar fəaliyyət göstərir, problemlər davam edəcək. Azərbaycan musiqisindən və mədəniyyətindən xəbərsiz olan şəxslər bu sahədə söz sahibi olmağa çalışırlar. Mənə dəfələrlə şikayətlər daxil olub, müxtəlif hadisələrlə bağlı zənglər almışam. Bu səbəbdən düşünürəm ki, toy biznesində mövcud vəziyyətə ciddi diqqət yetirilməlidir”.
Prodüser Azərbaycan musiqisində və mədəniyyətində ciddi problemlər olduğunu düşündüyünü deyib:
“Toy bizim milli adət-ənənəmizdir, ata-babalarımızdan bizə miras qalan dəyərlərdən biridir. Mənim fikrimcə, Azərbaycan toyunun açılışı ilk növbədə “Vağzalı” ilə edilməlidir. Hətta təklif edərdim ki, bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılsın və milli toy mərasimlərində “Vağzalı”nın səsləndirilməsi ənənəsi qorunsun.
Gənclərimizə kənar mədəni təsirlərin artdığını düşünürəm. Mənim təşkil etdiyim bütün toylarda məkanın harada olmasından asılı olmayaraq Azərbaycan musiqisi səslənməlidir. İstər Dubayda, istər Amerikada, istərsə də İtaliyada olsun, toyun milli musiqimizlə açılması mənim üçün əsas şərtlərdən biridir. Çünki öz musiqimizə sahib çıxmalıyıq. Azərbaycan musiqisinin köklərində Üzeyir Hacıbəylinin yaratdığı məktəbin xüsusi yeri var.
Bu sahədə savadlı və təcrübəli insanların meydandan çəkildiyini, qeyri-peşəkar şəxslərin isə daha çox önə çıxdığını düşünürəm. Mənim qənaətimə görə, toy təşkilatçılığı ilə məşğul olan şəxslərin böyük hissəsi bu işin tələb etdiyi bilik və peşəkarlığa sahib deyil. Bu da toy biznesində keyfiyyət və şəffaflıq məsələlərini gündəmə gətirir.
Bir məqamı da xüsusi vurğulamaq istəyirəm: məncə, toy təşkilatçılarının fəaliyyəti və keçmişi araşdırılmalıdır. Bildiyimə görə, onların arasında əvvəllər məhkum olunmuş şəxslər də var. Əgər bir insan dələduzluq və ya başqa cinayətlərlə bağlı məhkum edilibsə, onun bu sahədə fəaliyyət göstərməsi məsələsinə diqqətlə yanaşılmalıdır. Təbii ki, burada hər bir şəxsin hüquqi vəziyyəti konkret faktlar əsasında qiymətləndirilməlidir.
Toy təşkil edən insanlara müraciətim budur ki, seçim edərkən diqqətli olsunlar. Öz toylarını savadlı, təcrübəli, mədəniyyətimizi və musiqimizi tanıyan peşəkar insanlara etibar etsinlər. Çünki toy yalnız bir tədbir deyil, həm də milli dəyərlərimizin və ənənələrimizin yaşadıldığı mühüm mərasimdir”.



