Fransada bir aydır davam edən etirazlar ötən həftəsonu kütləvi talan və iğtişaşlarla müşayiət olunub. “Dior”, “Rolex”, “Louis Vuitton” və “Ralph Lauren” kimi lüks brendlərin mağazalarına ziyan dəyib, ölkə üzrə 1500-dən çox ticarət obyekti talan edilib.
Yerli KİV-in məlumatına görə, talan zamanı oğurlandığı iddia edilən məhsulların bir hissəsi ikinci əl satış platformalarında və küçələrdə ucuz qiymətə satışa çıxarılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə lüks brendlərə məxsus çanta və digər məhsulların küçələrdə 80-90 faiz endirimlə satıldığı görünür. Məhsulların orijinallığını sübut etmək üçün bəzi satıcıların mağazaların talan edildiyi anları əks etdirən videolar göstərdiyi bildirilir.

İkinci əl satış platforması “Vinted”də bəzi istifadəçilərin elanlarında məhsulların həftəsonu baş verən iğtişaşlar zamanı oğurlandığını açıq şəkildə qeyd edirlər.
Hadisə fonunda sosial şəbəkələrdə zibil yeşiyi yanında qutusu ilə birlikdə “Rolex” markalı qol saatının tapıldığını əks etdirdiyi iddia edilən görüntülər də yayılıb. Saatın həqiqiliyi və talan edilmiş mağazadan götürülüb-götürülmədiyi barədə isə təsdiqlənmiş məlumat yoxdur.

Fransanın Süni İntellekt və Rəqəmsal Məsələlər üzrə nümayəndə naziri Anne Le Henanff platformaları şübhəli elanları dərhal silməyə çağırıb. Məsələ ilə bağlı “Vinted”, “eBay”, “Amazon”, “Leboncoin”, “Meta” və “TikTok” nümayəndələrinin, eləcə də Fransanın onlayn ticarət assosiasiyası “Fevad”ın iştirakı ilə görüş keçirilməsi nəzərdə tutulub.
Nazir bildirib ki, oğurlanmış malları satan şəxslərin məsuliyyətə cəlb olunması üçün platformalar dövlət orqanları ilə əməkdaşlıq etməlidir.



