Qiyabi təhsilin ləğv edilərək distant təhsil formatına keçirilməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Deputat Elnarə Akimovanın bu istiqamətdə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. Millət vəkili hesab edir ki, distant təhsilə keçid mərhələli şəkildə, əvvəlcə uyğun ixtisaslarda sınaqdan keçirilməli, nəticələr qiymətləndirildikdən sonra genişləndirilməlidir.
Sitat: “Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ali məktəblərdə uyğun proqramların sınaqdan keçirilməsi nəzərdən keçirilə bilər. Bu, həmin universitetlərin artıq distant təhsilə keçidlə bağlı qərar qəbul etdiyi anlamına gəlmir. Tətbiq imkanları hər universitetin texniki hazırlığı, tədris proqramları və akkreditasiya tələbləri əsasında müəyyənləşdirilməlidir”.
Hansı ixtisaslar distant formaya keçə bilər? Distant təhsilə keçiddə əsas məqsəd nədir?
Pravda.az xəbər verir ki, globalinfo.az-a danışan təhsil eksperti Məzahir Məmmədli deyib ki, bununla bağlı Milli Məclisin elm və təhsil komitəsində ilkin müzakirələr keçirilib, ictimaiyyətə çatdırılıb:
“Lakin qiyabi təhsillə bağlı pedaqoji ixtisasların ləğvi məsələsi cəmiyyətdə müzakirələrə səbəb olub. Sosial şəbəkələrdəki rəylərdən də görünürdü ki, bu qərar birmənalı qarşılanmır. Çünki qiyabi təhsilə əsasən, müəyyən ixtisas üzrə natamam ali təhsili olan və ya kollec məzunu kimi işləyən, gələcəkdə vəzifə yüksəlişi üçün ali təhsil almaq istəyən şəxslər maraq göstərirlər. Onlar iş yerlərindən ayrılmadan təhsil almaqla həm mövcud işlərini qorumaq, həm də təhsillərini davam etdirmək imkanı qazanırlar. Təhsil müddətində onlara iş yerindən 40 günlük əməkhaqqı ödənilən məzuniyyət də verilir. Qiyabi təhsilin ləğvi ilə bağlı təklifin gələcəkdə qanunvericilikdə əksini tapması mümkündür. Bütün hallarda məsələ daha geniş müzakirəyə çıxarılmalı və qərar verilməzdən əvvəl ictimai rəy hərtərəfli öyrənilməlidir”.
Ekspert bildirib ki, distant təhsillə bağlı vəziyyət isə bir qədər fərqlidir:
“Artıq Azərbaycanda bəzi ucqar ərazilərdə yerləşən məktəblərdə müəllim çatışmazlığını aradan qaldırmaq üçün distant təhsil elementlərinin tətbiqinə başlanılıb. Şagird sayı az olan və bütün fənlər üzrə ixtisaslı müəllimlərlə təmin edilməyən məktəblərdə təcrübəli müəllimlər mərkəzləşdirilmiş qaydada onlayn dərslər keçirlər. Bunun üçün məktəblərdə monitorlar quraşdırılır və internet təminatı yaradılır. Lakin təəssüf ki, bu təcrübə hələ qanunvericilikdə öz əksini tapmayıb. Ali təhsillə bağlı da vaxtilə müzakirələr aparılıb. Təklif olunurdu ki, humanitar sahələr üzrə bəzi fənlərin distant formada tədrisi mümkün olsun. Distant təhsil tam tətbiq edilməsə belə, müəyyən fənlərin onlayn keçirilməsi məqsədəuyğun hesab edilir. Bu, həm universitetlərdə, həm də şəhərdə nəqliyyat sıxlığının müəyyən qədər azalmasına kömək edə bilər”.
M.Məmmədli qeyd edib ki, mühəndislik, tibb, inşaat mühəndisliyi və digər texniki sahələrdə distant təhsilin tətbiqi o qədər də məqsədəuyğun sayılmır:
“Çünki bu ixtisaslar praktiki hazırlıq tələb edir, amma humanitar fənlərin onlayn tədrisi ilə bağlı ümumi yanaşma var. Qeyd etdiyim kimi, distant təhsilə keçid şəhərdəki və ali təhsil müəssisələrindəki sıxlığın, o cümlədən auditoriyalarda yaranan sıxlığın müəyyən qədər azalmasına şərait yaradar. Bu, dünya təcrübəsində də sınaqdan keçirilmiş bir üsuldur. Buna görə də Azərbaycanda da yaxın zamanda distant təhsilin tətbiqinə başlanılacaq”.



