Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsinin turnir cədvəlində Teymur Rəcəbov üçüncü pilləyə yüksəlib.
Buna şahmatçımızın ikinci sırada olan Vesli Soya (ABŞ) 3:1 hesabı ilə qalib gəlməsi və Levon Aronyanın (Ermənistan) autsayder Yan-Kşıştof Dudaya (Polşa) 1,5:2,5 hesabı ilə uduzması səbəb olub.
Nəticədə Teymur xalını 18-ə yüksəldərək üçüncü sıraya qalxıb. 15 xala malik olan Levon Aronyan isə dördüncü sıraya enib.
Turnirdəki digər şahmatçımız Şəhriyar Məmmədyarov isə Hikaru Nakamuraya (ABŞ) 3:4 hesabı ilə uduzmaqla sonuncu pilləyə – 10-cu sıraya düşüb. Şəhriyarın aktivində yalnız 6,5 xal var.
Bu gün VII tura start veriləcək. Teymur Rəcəbov 28,5 xalla lider olan Maqnus Karlsenlə qarşılaşacaq. Şəhriyar Məmmədyarov isə Aniş Qiri (Niderland) ilə görüşəcək.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.