“Azəriqaz” rəhbərindən sahibkarlarla bağlı açıqlama

0
315
“Azəriqaz” rəhbərindən sahibkarlarla bağlı açıqlama

“Qaz təchizatı sahəsində ölkə üzrə kommunal xidmətləri təqdim edən “Azəriqaz” İstehsalat Birliyi dövlət müəssisəsi kimi sosial məsuliyyətini dərk edərək öz səlahiyyətləri çərçivəsində və imkanları daxilində bütün istehlakçılara münasibətdə göstərdiyi dəstəyi təbii qazdan istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərdən də əsirgəmir. Bu dəstəyin bir forması biznes layihələrinin reallaşdırılması ilə əlaqədar sahibkarların kommersiya obyektlərinin qazlaşdırılmasında, qazlaşdırılmış obyektlərin tələbata uyğun olaraq fasiləsiz və təhlükəsiz qaydada təbii qazla təchiz olunmasında və bununla əlaqədar geniş spektorlu xidmətlərin təqdim edilməsində ifadə olunur”.

Bu barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev KİV-ə açıqlamasında bildirib.  

“Təbii inhisarçı olaraq fəaliyyət göstərməyimiz qaz təchizatı sahəsində təqdim edilən xidmətlər üzrə bizim məsuliyyətimizi daha da artırır. Belə ki, Azərbaycan Respublikasında yaşayan və fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin başqa qazpaylayıcısını seçmək imkanları yoxdur. Bu səbəbdən də fəaliyyətimizi elə qururuq ki, xidmət növlərinin artırılması, keyfiyyətinin yüksəldilməsi və operativ surətdə təqdim edilməsi, eləcə də yeni, rahat və innovativ üsullarla (“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə) sahibkarlara çatımlığının təmin olunması yolu ilə müştəri məmnunluğuna nail olaq, qaz təchizatı ilə əlaqədar sahibkarların sorğularına, tələbatlarına cavab verək.

Bunun üçün bir tərəfdən yeni qaz xətlərinin çəkilməsi, mövcud şəbəkənin gücləndirilməsi, təmir-profilaktika işlərinin vaxtında aparılması, payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi, digər tərəfdən isə zəmanənin tələblərinə uyğun olaraq əlavə vaxt itirmədən, heç bir məsafə qət etmədən bilavasitə “onlayn” şəkildə müraciət edərək yerindəcə əldə olunması üçün elektron xidmətlərin yaradılması həyata keçirilir. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” MMC ilə bağlanmış müvafiq müqaviləyə əsasən mərhələli şəkildə işlər həyata keçirilməkdədir. İlkin mərhələdə “Azəriqaz” İB-nin “ASAN Kommunal” mərkəzlərində göstərdiyi xidmət növlərinin bir hissəsi Birliyə məxsus vahid yeni portalda istifadəçilərə təqdim ediləcəkdir. Sonrakı mərhələdə isə “İOS” və “Android” mobil platformaları üzərindən elektron xidmətlərin göstərilməsi planlaşdırılır.

Sahibkarlara göstərilən dəstəyin digər forması da bilavasitə onların istifadə etdikləri təbii qaza görə yaranmış borcların ödənilməsində güzəştlərin tətbiq olunması ilə əlaqədardır”,- deyə baş direktor qeyd edib. 

R. Əliyev bildirib ki, koronavirus (COVID-19) pandemiyası dünya iqtisadiyyatına böyük zərbə vurmaqdadır: “Davam edən qlobal pandemiya şəraitində əhalinin sağlamlığının qorunması məqsədilə tətbiq edilən məhdudiyyətlər ölkə iqtisadiyyatına ziyansız, sahibkarlara itkisiz ötüşməmişdir. Tam müfəssəl formada hesablamaq çətin olsa da, ölkə iqtisadiyyatına vurulan gündəlik zərər təqribən 120-150 milyon manat civarında qiymətləndirilmişdir. Hələ bu şəraitdə Azərbaycan Respublikasının Ali Baş Komandanı möhtərəm İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz tərəfindən torpaqlarımızın erməni işğalından azad edilməsi prosesinə başlanılmış və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının zəfəri ilə nəticələnmişdir. Bununla belə, qabaqlayıcı tədbirlər görən Azərbaycan dövləti pandemiyadan az itkilərlə çıxmaq və makroiqtisadi sabitliyi qorumaq üçün bütün imkanlarını səfərbər etmişdir. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə əhalinin sosial rifahının yaxşılaşdırılması, sahibkarlara dəyən zərərin ödənilməsi istiqamətində ciddi qərarlar qəbul edilib, bir sıra qanunvericilik aktlarında dəyişikliklər olunub. Həmin dəyişikliklərə əsasən, sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sosial sığorta yükünün azaldılması, kredit faizlərinin subsidiyalaşdırılması və zəmanət alətlərinin təkmilləşdirilməsi prosesi həyata keçirilir. Pandemiyanın “Azəriqaz” İB-də neqativ təsir göstərməsinə baxmayaraq (istehlakçıların ödəniş qabiliyyətinin aşağı düşməsi nəticəsində debitor borclar artdı, Birliyin tərəf müqabili olduğu müqavilələr üzrə ödəniş öhdəliklərinin yerinə yetirilməsində ciddi çətinliklər yarandı və s.) sahibkarlara münasibətdə yaranmış borcların mərhələli şəkildə ödənilməsinə dair razılaşmalar imzalandı.

Bundan başqa xarici bazarlara məhsullarının ixrac edilməsində çətinlikləri yaranan sahibkarlarla təkcə fərdi qaydada deyil, həm də onların birləşdikləri peşəkar qurumları (Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası) ilə daha sıx əməkdaşlıq etməklə də köməklik edildi. Dünyanın 50 ölkəsində 5 mindən artıq şirkət və təşkilatı birləşdirən, Xəzər-Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən və “Azəriqaz” İB-nin də üzvü olduğu nüfuzlu Caspian Energy Clubun onlayn platformasından sahibkarları maraqlandıran suallara cavab verilir, qaldırılan problemlərin həll olunmasında köməklik göstərilir, qarşılıqlı faydalı əməkdaşlığın qurulması, biznes mühitinin inkişaf etdirilməsi istiqamətində mütəmadi olaraq sahibkarlarla görüşlər təşkil olunur, aktual məsələlər müzakirə edilir.

Məlum olduğu kimi, regionların sosial-iqitisadi inkişaf dövlət proqramları çərçivəsində Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə yoxsulluq və işsizliyin səviyyəsinin azaldılması istiqamətində davamlı surətdə kompleks tədbirlər həyata keçirilir: yeni iş yerləri açılır, abadlıq işləri həyata keçirilir, sosial infrastruktur inkişaf etdirilir və s. Uğurla həyata keçirilən bu siyasətə və ölkə başçısının biznes ictimaiyyətinə yönələn sosial məsuliyyətin artırılması çağrışına dəstək olaraq SOCAR-ın həyata keçirdiyi böyük bir sosial layihə çərçivəsində 9 min fərdi sahibkar xidmət müqaviləsi əsasında “Azəriqaz” İB-yə işə cəlb olunmuşdur. “Azəriqaz” İB ölkədə işsizliyin minimuma endirilməsi, məşğulluğun artırılması, əhalinin sosial dayanaqlığının möhkəmləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara dəstək göstərilməsi istiqamətində aparılan dövlət siyasətinə bundan sonra da daim dəstəyini göstərəcəkdir”.