Torpaqla təmas sağlamlığımıza bunları vəd edir – Holland alimlər

0
396

Sonuncu dəfə nə vaxt beton asfaltdan qaçıb çılpaq ayağınızı yaş çəmənliyə basmısınız, nə vaxt torpaqla təmasda olmusunuz?

Hərəkətsizlik müasir insanın ən böyük problemidir. Liftlər, ekskalatorlar, çirkli qab-qacağı və paltarları təmizə çıxaran mətbəx avadanlıqları. Xülasə, bir düyməyə basmaqla gündəlik həyatımızı asanlaşdırırıq. Şəhər həyatı ruhumuzu necə yorur, necə sıxırsa, beynimizi dinləndirmək üçün yollar axtarırıq.

Torpaqla təmasın faydalarından ən başlıcası stressi insan bədənindən qovmasıdır. Öz zəhmətinizlə əkdiyiniz məhsulun bəhrəsini sonda əlinizə alıb qoxlamağın verdiyi hiss yüksək təzyiqə və şəkərli diabetə necə müsbət təsir edir, bilirsiniz?

Torpaqla məşğuliyyət D vitamini qazandırmaqla yanaşı, xərçəng xəstəliyinin və qadınlarda sümük əriməsinin qarşısını almaqda köməklik edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, holland alimləri iki qrup üzərində araşdırma apararaq qruplardan birinin 30 dəqiqə ərzində evdə kitab oxuması, digər qrupun isə 30 dəqiqə bağçada bitkilərlə, torpaqla məşğul olması təklifini irəli sürüblər. Bu sınağın sonunda torpaqla məşğul olanlarda kortizol (stress hormonu) səviyyəsinin evdə kitab oxuyanlara nisbətdə daha aşağı olduğunu müşahidə ediblər.

Stokholmda aparılan geniş araşdırmalar nəticəsində hər gün 30 dəqiqə torpaqla təmasda olan 60 yaşından yuxarı insanlarda infarkt və iflicin 30%-ə qədər azaldığı ortaya çıxıb.

Torpaqla məşğul olandan sonra dırnaqlarımızın altında yığılan kirə bir də yaxşı tərəfdən baxaq: bu kirlər immun sistemi üçün faydalı olan rod bakteriyaları yaradır.

Yaş ötdükcə əllərin elastikliyi azalır. Müşahidələr hər gün 30 dəqiqə bağça ilə məşğul olmaqla əl qabiliyyətinin qorunub saxlandığını göstərir. Məhz buna görə də fizioterapevtlər bəzi xəstələrə torpaqla məşğul olmağı tövsiyə edirlər.

Necə deyərlər, bir həftə xoşbəxt olmaq istəyirsənsə, səyahətə çıx. Bir neçə il xoşbəxt olmaq istəyirsənsə, evlən. Bir ömür xoşbəxt olmaq istəyirsənsə, torpaqla maraqlan, ək, becər…