Sən və ailən barədə elə fakt açıqlayacam ki… – Sarkisyan Paşinyana 24 saat VAXT VERDİ

0
315
Sən və ailən barədə elə fakt açıqlayacam ki... - Sarkisyan Paşinyana 24 saat VAXT VERDİ

Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində misli görünməmiş dərəcədə sərt, gərgin kampaniya gedir. Tərəflər kampaniya başlayan kimi bir-birlərinin ünvanına təhqirlər yağdırmaqdadırlar. Tərəflər dedikdə isə burada əsasən baş nazir Nikol Paşinyanla keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan nəzərdə tutulur. Hərçənd seçkilərə onlarla partiya və blok qatılıb, Sarkisyanın özü isə seçki siyahısında yer almır, o, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın kampaniyasına (Sarkisyan və Vanetsyanın partiyaları bir blokda birləşib) dəstək verir.

Reytinqinin sürətlə aşağı düşdüyünü, hakimiyyət strukturlarında çalışanların ondan sürətlə üz döndərdiyini görən Paşinyan əsasən keçmiş prezidentləri sərt təhqir və tənqid yağışına tutur. Ötən gün o, Serj Sarkisyanın Monte Karlo kazinosunda milyonlarla dollar uduzması haqda məsələni növbəti dəfə yada salıb. Cavab olaraq Serj Sarkisyan ona sübut təqdim etmək üçün 24 saat vaxt verib.

Sarkisyan deyib ki, “kazino” və “qumarbaz” yarlıqları hələ onun prezidentlik dövründə dövrədədir. “Mən o vaxt cavab vermirdim, çünki prezident idim. Təhlükəsizlik xidməti mənə tabe idi və opponentlərim deyərdi ki, biz faktları gizlədirik və s. Lakin Paşinyan çox uzağa getdi. İndi mən sizin qarşınızda bəyan edirəm: 24 saat vaxt verirəm. O, ya faktları təqdim etməlidir, ya da mən onun və ailəsinin haqqında elə faktlar açıqlayacam ki, cəmiyyət üzünə tüpürəcək. Faktları təqdim etməsə ona divan tutacam”,-Sarkisyan seçicilər qarşısında çıxışı zamanı deyib.

Paşinyan ötən gün Sarkisyana həm də “sutenyor” və “insan alverçisi” demişdi. Bu, Səakisyanın Paşinyana oğlu Aşotu Azərbaycanda saxlanılan 20-25 erməni əsgərinə dəyişdirmək təklifinə cavab olaraq deyilmişdi. Paşinyan bildirmişdi ki, oğlunu Azərbaycanda saxlanılan erməni əsgərlərinə dəyişməyə hazırdır, amma bu işlə bağlı danışıq aparmaq səlahiyyətini Sərkisyanla Köçəryana verir. Çünki onlar adam alveri işində püxtələşiblər, üstəlik Sarkisyan uzun illərin “sutenyorudur”.

“Sutenyor” söhbətinə Sarkisyanın cavabı hələ məlum olmasa da müttəfiqi Vanetsyan özünün Facebook səhifəsində Paşinyanı təhqir edib. “Qulaq as, dezertir, sən kimsən axı müharibəni udmuş Qarabağ qəhrəmanının, prezidentin adını təhrif olunmuş formada çəkirsən? Mən səninlə işləmişəm, indi isə Serj Sarkisyanla işləyirəm. Və məndə belə təəsürat yaranıb ki, sanki mal tövləsindən akademiyaya düşmüşəm. Sən miskin kapitulyant. Öz günahlarında o qədər boğulursan, o qədər piy əritmisən və tər tökmüsən ki, hər yerdə iy verirsən. Get, sadəcə olaraq qaç. Bu, mənim sənə sonuncu dost məsləhətimdir”,-Vanetsyan bildirib.

Bəzi təhlilçilərə görə, Ermənistanda bu cür gərgin siyasi mühit seçkilərin nəticələrinin necə olmasından asılı olaraq vətəndaş müharibəsinə də gətirib çıxara bilər.