Fərdi qazlaşdırma prosesi necə aparılır? – AÇIQLAMA

0
409

“Azəriqaz”a daxil olan müraciətlərin əksəriyyəti qazlaşdırma ilə bağlı olub.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib. 

Qurumun rəhbəri bildirib ki, ölkə üzrə qazlaşdırma tam olaraq dövlət proqramıdır:

“Respublika üzrə qazlaşdırma artıq 96,2 faizə çatıb. Əslində bu çox böyük göstəricidir. Dünya üzrə qaz potensialı çox yüksək olan ölkələrdə bu göstərici Azərbaycanda olduğundan çox aşağıdır. Artıq abonentlərimizin sayı 2 milyon 400 minə çatır. Son 10 ildə abonentlərin sayı 3,5 dəfə artıb. Bu il ərzində abonent sayı artımının 90 minə yaxın olacağını gözləyirik”. 

Ruslan Əliyev qeyd edib ki, fərdi qazlaşmada vətəndaşlara dəstək olmaq məqsədilə küçə xətlərinin çəkilişi “Azəriqaz” tərəfindən həyata keçirilir və aprel ayından başlayaraq qurum tikinti-təmir planlarının həyata keçirilməsinə diqqəti artıracaq.

Bildirilib ki, qazlaşdırma işləri iki formada: dövlət sifarişi və vətəndaşların fərdi sifarişi əsasında həyata keçirilə bilər. Fərdi qaydada qazlaşdırma ilə bağlı vətəndaş ilk növbədə xüsusi lisenziyası olan podrat təşkilatlara müraciət etməlidir. Müraciət etdikdən sonra həmin təşkilat “Azəriqaz”a müraciət edir və əraziyə baxış keçirilir. Daha sonra podratçı ilə vətəndaş arasında imzalanan müqaviləyə əsasən qaz xəttinin çəkilməsi həyata keçirilir. Sonda “Azəriqaz” tərəfindən abonent sayğacla təmin olunur. Fərdi qazlaşdırma prosesi vətəndaşın öz hesabına, sayğacın quraşdırılması isə dövlət hesabına təşkil edilir.

Əlavə edilib ki, podrat təşkilatların rekvizitlərini ASAN Xidmət və ASAN Kommunal mərkəzlərindən əldə etmək mümkündür.