Güclü külək qaz xətlərini zədələdi: İki rayonda mavi yanacaq verilişi dayandı

0
342

“Güclü külək səbəbindən paytaxtın Suraxanı və Xətai rayonlarında qaz təchizatı ilə bağlı problemlər yaranıb”.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib.

O bildirib ki, Suraxanı rayonunda güclü küləyin təsirindən diametri 57 mm olan qaz xəttinin təqribən 100 metrlik hissəsi dayaqlardan yerə düşüb. Bununla əlaqədar abonentlərin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Həmçinin, Xətai rayonunda Aşıq Qurban küçəsində küləklə əlaqədar ağac qırılıb, qaz kəmərinin üzərinə düşüb və xətt zədələnib. Hadisə nəticəsində üç abonentin qaz təchizatında problemlər yaranıb.

“Hazırda ərazi üzrə bərpa işləri aparılır. Mobil qruplarımız ərazilərə baxış keçirirlər. Güclü külək əsasən səhər saatlarında müşahidə olunub. Yalnız qeyd etdiyim ərazilər üzrə qaz təchizatında problemlər yaranıb. Başqa bir ərazidə hələ ki, problem yaranmayıb. Mobil qruplar ərazilərdə monitorinq işlərini davam etdirir”, – deyə o qeyd edib.