“Dövlətə xəyanət”də şübhəli bilinən jurnalist saxlanılıb

0
719

Azərbaycanda “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Polad Aslanov “dövlətə xəyanət” ittihamı ilə şübhəli qismində saxlanıb, Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

30 yaşlı jurnalistin bu ittihama şərhi məlum deyil.

Məlumatı BBC News Azərbaycancaya təsdiqləyən DTX bildirib ki, jurnalistə vəkil təyin edilib.

Vəkillər Kollegiyası BBC News Azərbaycancaya Polad Aslanova kimin vəkil təyin edildiyini hələ bilmədiyini deyib.

DTX-nin məlumatında iddia olunur ki, jurnalist “xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirmiş, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib”.

“O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürmüş, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılmışdır”, məlumatda bildirilib.

Məlumatda həmçinin deyilir ki, Polad Aslanov “adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib”.

DTX hazırda istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini də qeyd edir.bbc.com